Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət rəmzi olmaqla yanaşı üçrəngli bayrağımız and yerimiz, qürurumuzdur



Newscenter.az.9.11.2020. Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır. Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur. Xalqımız ötən yüzillikdə iki dəfə dövlət müstəqilliyi qazanmışdır. 1918-ci ildə Azərbaycanda bütün islam dünyasında ilk demokratik respublika qurulmuşdur. Lakin bu respublikanın ömrü qısa oldu. Belə ki, xarici müdaxilə, daxili çəkişmələr və digər amillər üzündən Azərbaycan Demokratik Cümhuriyyəti az vaxtdan – cəmi 23 aydan sonra süqut etdi. Ötən əsrin sonlarında xalqımıza yenidən dövlət müstəqilliyinə qovuşmaq səadəti nəsib oldu. Sovet İttifaqı dağıldıqdan sonra 1991-ci il oktyabrın 18-də respublikanın qanunvericilik orqanı olan parlament Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul etdi və bununla da respublikamızın müstəqilliyi bərpa olundu. Həmin vaxtdan bəri xalqımız azad yaşayır, öz milli dövlətini möhkəmlədərək inkişaf etdirir. Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respublikamızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmişdir. Məhz ulu öndərin siyasi cəsarəti hesabına ay-ulduzlu, üçrəngli bayrağımız dövlətimizin rəmzi elan edilib və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu alıb.

Xalqımızın qürur mənbəyi və iftixarı, dövlət müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir. Bayrağımız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyini özündə əks etdirir.

Dövlət rəmzi olmaqla yanaşı üçrəngli bayrağımız and yerimiz, qürurumuzdur. Bu gün dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı fəxrlə üçrəngli bayrağımızı başı üzərində dalğalandırır. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılır. Bir neçə ildir ki, müstəqil Azərbaycan dövlətinin bayrağı işğaldan azad edilmiş Lələtəpə yüksəkliyində, Cocuq Mərcanlı və Günnüt kəndlərində, Qızılqaya zirvəsində qürurla dalğalanırdısa, bu gün artıq Cəbrayılda, Zəngilanda, Qubadlıda, Fizulidə, Xocavənddə, Hadrudda, Suqovuşanda, Murov zirvəsində, Şuşada dalğalanır, hər ötən gün isə yeni bir ünvana sancılır. Bayrağımızın bütövlükdə Qarabağda dalğalanacağı gün isə uzaqda deyil. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Bayrağımız mübarizə əzmimiz, zəfər sorağımız, istiqlaliyyət salnaməmizdir”.

Anar MƏMMƏDOV
Milli Məclisin deputatı
Xəbəri paylaş