Newscenter.az.13.11.2020. BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Nəqliyyat Komitəsinin 6-ci sessiyası keçirilib. Bu tədbir təşkilatın sahə üzrə ən yüksək səviyyəli iclası olaraq iki ildə bir dəfə təşkil olunur. Pandemiya ilə əlaqədar builki sessiya onlayn formatda baş tutub.
Newscenter.az xəbər verir ki, iki gün davam edən tədbirdə UNESCAP-ın Asiya və Sakit okean regionunda Davamlı Nəqliyyat Bağlantıları üçün Regional Fəaliyyət Planının 1-ci mərhələsinin (2017-2021) icrası və bu sahədəki mövcud çağırışlar, eləcə də BMT-2030 Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün nəqliyyatda transformasiya fəaliyyətinin sürətləndirilməsi və müvafiq sahədə ölkələrin təcrübələri barədə müzakirələr aparılıb.
İclasda 53 üzv ölkənin nümayəndələri, eləcə də ESCAP katibliyinin və digər beynəlxalq təşkilat və qurumların rəsmiləri iştirak ediblər.
Azərbaycan Respublikasını tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Azərbaycan Dəmir Yolları” QSC təmsil edib.
Sessiyanın Davamlı Nəqliyyat Bağlantıları adlı iclasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Emil Əhmədov çıxış edib. O, ölkəmizin nəqliyyat sahəsinin inkişafı üzrə siyasəti, həyata keçirilən fəaliyyət, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli layihələr və əldə olunan nailiyyətlər, eləcə də pandemiya dövründə regionda daşımaların davamlılığının təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Sonda tədbirin yekun hesabat sənədi qəbul olunub. Yekun sənədində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası tərəfindən baxılması və həlli istiqamətində mümkün tədbirlərin görülməsi üçün bir sıra tövsiyələr öz əksini tapıb.
Sevinc