Newscenter.az.16.11.2020. Bakı metropolitenində kadrların seçimində tətbiq edilən daha bir novator yanaşma da özünü tam doğruldub.
Qurumdan Newscenter.az-a bildirilib ki, hərəkət qatarlarının maşinist peşəsi üzrə cari ilin iyul ayında verilmiş elana uyğun olaraq növbəti seçim prosesi yekunlaşıb. Müdavimlər uyğunlaşma və ilkin təlim dövrünü də başa vuraraq, təlim-tədris prosesinin əsas mərhələlərinə keçiblər.
Qeyd edək ki, ilk belə seçim prosesi 2018-ci ilin yayında dünya təcrübəsi öyrənilməklə tətbiq edilib. Bu peşəyə sahib olmaq istəyənlərin arzularını doğrultdu. İlk iki kursun müdavimləri artıq xətlərimizdə inamla qatarları idarə edir və əməyi ilə seçilirlər. Daha bir kursun müdavimləri praktiki təcrübədədirlər.
Məlumdur ki, Bakı metropolitenində innovativ texnologiyaların tətbiqi baxımından ən son nəsil qatarların sayı artmaqdadır. 2020-cu ildə daha 20 müasir vaqon alınmaqla, belə qatarların sayı 15-ə çatdırılıb. Qarşıdakı iki il ərzində yeni tipli daha 40 vaqon alınaraq, istismar müddətini başa vuracaq, hərəkət tərkiblərini əvəz edəcək. Əlbəttə, tamamilə fərqli təchizatı və idarəetmə prinsiplərinə söykənən yeni tipli qatarların maşinistlərinin hazırlığı da fərqli yanaşma tələb edir.
Seçim turları üç mərhələdə aparılıb. Çoxsaylı müraciətlərə baxılaraq, elanda göstərilən tələblərə uyğun gələn 70 nəfər iddiaçıya seçim turlarına dəvət göndərilib. Namizədlərdən 56 nəfəri məntiq üzrə aparılan birinci seçim turunda iştirak edib və onlardan 48-i müsbət nəticə ilə ikinci mərhələyə vəsiqə qazanıb.
Sevinc