Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Eldəniz Səlimov: "Azərbaycan hər gün yeni zəfərlərə imza atır"



Newscenter.az.24.11.2020. "Azərbaycan hər gün yeni zəfərlərə imza atır. Zamanın nəbzini tutan dövlət başçımız cənab Prezident İlham Əliyev yürütdüyü siyasəti ilə dövlətimizi daim zirvələrə qaldırır, xalqımızın rifahını yüksəldir. Bütün atılan və verilən qərarlar daim millətimizin mənafeyi nəzərə alınaraq atılır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov səsləndirib. O, qeyd edib ki, Ermənistanın faşizm üzərində qurulmuş siyasəti bizim dövlətin gücü və qüdrəti qarşısında uzun müddət davam gətirə bilmədi:

"Azərbaycan ordusu daim öz sözünü deyir. Biz millət olaraq 44 günlük savaşda hamımız yumruq kimi cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdik. Sanki, Prezident üzük biz onun qaşı olduq. Belə dövlətin sarsılmaz şücaəti ilə də torpaqlarımız geri qaytarıldı. Rəşadətli Azərbaycan əsgərinin əzmi, döyüş ruhu çox yüksək olmaqla ali dərəcəyə yüksəldi. Şuşa alınmaz qala kimi görünsə də cəngavərlərimiz caynaqları ilə torpağı cırmaqlayaraq onu geri aldılar, Şuşanı geri qaytardılar. Bəli Şuşa! Şuşanın geri qaytarılması özü bir tarixdir. Çünki bu döyüşdə əsl tarix yazılmışdır. Hər kəsə məlumdur buranın necə geri alınması. Əlbəyaxa döyüşlər, qanlı savaş, bıçaq yarası ilə yaralanan əsgərlər hər şeyi göz özünə sərir. Bizim igidlər vəhşi azğın ermənini iti qovan kimi qovub çıxardılar yurdumuzdan. Bu əzm, bu ruh yüksəkliyi, döyüş istəyi bizə Qarabağın işğalından bəri yoldaşlıq edir. Gün gözləyirdik, cənab Prezidentimizin bu əmrini istəyirdik ki, bizim olanı geri alaq. Bütün dünya bizim ədalətli qələbəmizin şahidi oldu".

Deputatın sözlərinə görə, artıq bütün ölkələr bildi ki, Azərbaycan öz sözünü hər bir şəraitdə, istər siyasi, istər hərb meydanında deməyə qadirdir:

"Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində yeni hərbi texnikalar alınmaqla ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirildi, döyüş qabiliyyəti yüksəldi, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Hərbi xərclərin artırılması ilə sürətlənən ordu quruculuğu prosesini Azərbaycanın bütün qoşun birləşmələrinin timsalında görmək mümkündür. Bu dövrdə xüsusilə cənab Prezidentimizin əzmkar duruşu, qətiyyəti hər kəsi bir daha valeh etdi. O bütün siyasi təzyiqlərə sinə gərərək, bizi üzüağ olaraq beynəlxalq arenada tanıtdı. Səlist danışığı, hazır cavabları ilə cənab Prezident qarşısında olanlara dərs keçdi. Sübut etdi ki, Azərbaycanın hər bir vətəndaşı istər sıravi insan istərsə də Prezidenti hamımız birik. Biz bir olduqca qələbə bizimlədir. Belə zamanda hamımızın borcu idi Prezidentimizin ətrafında birləşmək, ona dayaq olmaq".

Eldəniz Səlimov bildirib ki, bu qələbə illərlə, əsrlərlə danışılacaq:

"Tarix kitabları yenilənəcək. Biz belə şanlı dövlətin, qeyrətli vətəndaşı olduğumuz üçün fəxr edirik. Gənc nəsillərin bu günləri görməsi, yaşaması böyük fəxr və qürur vericidir. Artıq biz gənc nəsilə bizim şanlı qələbəmizi danışacaq, necə qüdrətli dövlətimiz və ordumuz olmasından bəhs edəcəyik. Yaşasın bizim şanlı Millətimiz! Yaşasın Azərbaycan!".

Mehman
Xəbəri paylaş