Newscenter.az.27.11.2020. 2021-ci ildə xammal məhsullarına yatırılan sərmayələr orta səviyyəli gəlir gətirəcək.
“BofA Global Research” tərəfindən açıqlanan proqnoza görə, gələn ildə neft, təbii qaz, nikel, alüminium və misin qiymətlərində artım mümkün sayılır.
“Dünyada gediş-gəlişlərin və enerji daşıyıcıları qiymətlərinin azalması nəticəsində İCE-də satılan xammal məhsulları indeksi son 12 ay ərzində 18,3 faiz, ilin əvvəlindən bu yana isə 22,8 faiz azalıb. Bununla belə eyni dövrdə sənaye malları, qiymətli metallar, kənd məhsullarının qiymətləri müvafiq olaraq 11, 21, 2 fazilik müsbət trend göstərir”, – sənəddə qeyd olunur.
Hesabat müəlliflərinə görə, gələn ilin birinci yarısında pandemiyanın səbəb olduğu böhran başa çatandan sonra iqtisadiyyatın dirçəlməsi nəticəsində ABŞ-da inflyasiya artacaq, dünya boyu sənayedəki fəallıq bundan sonra da artacaq, həmçinin həm ABŞ-da, həm də Çində infrastruktur layihələrinə uzunmüddətli yatırımlar meyli davam edəcək: “Beləliklə, xammal məhsullarının bahalaşma gözləntiləri, eyni zamanda neft bazarında bəkvard, yəni uzaq fyuçerslərə dair qiymətlərin azalması trendinin yüksək ehtimalı 2021-ci ildə xammala yatırımların orta səviyyədə karlı olacağına dəlalət edir”.
“Brent” markalı neftin cari ildə 19-69 ABŞ dolları arasında dəyişkənlik göstərərək orta hesabla 43 ABŞ dollarına satılsa da, gələn il 50 ABŞ dollarınadək bahalaşacağı, WTI markalı neftin 47 ABŞ dollarına, təbii qazın isə 3,3 USD/MMBTU qiymətinə satılacağı, cari ildə 2,9 milyon barel qalıqda olan neftin gələn il 1,6 milyon barel kəsirdə olacağı da qeyd olunur: “COVID-19-a qarşı dərmanlar müvəffəqiyyətlə tətbiq olunsa, “Brent” markalı neft 2021-ci ilin orta aylarında 60 ABŞ dollarına çata bilər”.
Bu proqnozda OPEC+ formatı çərçivəsində hasilatın ixtisarı razılaşmasının icra olunacağı, İran və Venesuelanın isə bazardan kənarda qalacağı əsas götürüldüyü qeyd olunur.