Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Natamamlıq kompleksi



Newscenter.az.27.11.2020. Tarixi çəkişmələrin, müharibələrin insanlığa vurduğu zərərin, dəhşətin ölçüsünün hansısa meyarlarla müəyyənləşdirilməsi mümkünsüzdür. Dövlətlərarası, millətlərarası qarşıdurmalar, müharibələr isə, sözsüz, insan beyninin məhsuludur. Hər bir xalq, millət, özünün seçdiyi liderin, yetişdirdiyi ziyalı təbəqəsinin formalaşdırdığı ideologiyanın daşıyıcısıdır.Əgər bəşəriyyət tarixində işğalçılıq müharibələrinin təşəbbüskarlarının şəxsi keyfiyyətlərinə diqqət etsək, onlarda ümumi identik psixoloji cizgiləri görmək mümkündür. Tam əksəriyyətinin şəxsi natamamlıq hissindən əziyyət çəkmələri faktdır.

Müharibələrin əmələ gətirdiyi nəticələrdən biri də milli ideologiyanın formalaşması, xalqın genetik yaddaşına müəyyən korrektələr olunmasıdır. Xalqın kritik məqamlarda əsil dostunun və yaxud düşmənin kimliyini əyani şəkildə tanımaq imkanının olmasıdır.

Hər bir millətin özünə məxsus tarixi həqiqətləri, doğru hesab etdiyi yanaşmaları mövcuddur. Buna təbii baxmaq lazımdır. Ancaq, beynəlxalq hüquq, sosial ədalət, birgə yaşayış adında normalar və ümumbəşəri dəyərlərdə var ki, hamı tərəfindən qəbul edilmiş və hər kəsin əməl etməsi olduqca vacibdir. Əks halda, dünyada sülh və əmin-amanlıqdan danışmağa dəyməz.

SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı, müstəqil dövlətini qurmaq, ərazi bütövlüyünü bərpa etmək üçün tarixin bir çox sınaqlarından keçdi. İşğala məruz qalmasına rəğmən, dünya birliyi tərəfindən ikili standartlara söykənən ədalətsizliklərlə, öz geosiyasi maraqlarını təmin etmək üçün ən müxtəlif üsullardan istifadə edən supergüclərin təzyiqləri ilə üzləşdi. 30 il beynəlxalq birlikdən haqq sözünün eşidilməsini, ədalətin bərpasını gözlədi... Uzun illər ərzində on minlərlə məcburi köçkün öz torpaqlarına qayıtmaq arzusu ilə dünyasını dəyişdi.

Zaman keçdi. Maskalar cırıldı. Aydın oldu ki, problemləri həll etməli beynəlxalq təşkilatlar, dövlətlər və onların rəhbərləri üzdə bir fikir səsləndirir, arxada işğalçını silahlandırırmaqla gizli dəstək verir, daha da ruhlandırırlar.

Belə dövlətlər arasında öz fəallığı ilə Fransa və onun prezidenti Makron xüsusilə seçilir. Onun ziddiyətli hərəkətləri 20-ci əsrdə faşizmdən ən çox əziyyət çəkən avropa xalqlarını yeni təhlükələr qarşısında üz-üzə qoyur. Adam 1400 ildən artıq tarixə malik islam dinini təftiş edir, islam mədəniyyətinə dəyişikliklər etməklə, müsəlmanların davranış qaydalarını müəyyənləşdirir. İslam müqəddəslərini təhqir edənləri təşviq edir. İraqda, Suriyada terrorçuları açıq şəkildə dəstəkləyir, Liviyada qiyamçı marşal Haftəri silahlandırır, dövlətinə heç bir aidiyyəti olmayan Şərqi Aralıq dənizində yunan Kipri ilə qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalamaqla yeni müharibə ocağını qızışdırır. Bəzi Avropa və Türkiyə ilə soyuq münasibəti olan Afrika ölkələrini bir araya toplayaraq koalisiya yaratmağa çalışır. İslam Peyğəmbərinə (s.a.s) mənfi münasibətini açıq şəkildə göstərməklə, Misir, Livan, BƏƏ və bir çox müsəlman ölkələrini Türkiyə ,onun Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı birləşməyə çağırır. Qətər dövlətinin başçısına irad bildirir ki, “siz olmasaydınız, biz Türkiyəni iqtisadi cəhətdən çökdürmüşdük”. Təbii ki, Əmir tərəfindən layiq olduğu cavab isə, şəxsiyyətinə vurulmuş əsil tərs şapalaq idi. Sağ olsun. Ümumiyyətlə, adlarını çəkdiyim və çəkmədiyim ölkələrdə Türkiyə əleyhinə apardığı siyasətinin biabırçılıqla iflasa uğramasına baxmayaraq əməllərindən əl çəkmir.

Vətən müharibəsi başlanan kimi, erməni dostlarının verdiyi feyk-xəbərlər əsasında, Azərbaycan Prezidenti İlham Əliyevə zəng edir, hansısa muzdluların iştirakı ilə bağlı məlumatların olduğunu bildir. Faktlar tələb edildikdə isə, yalan danışdığı aydınlaşır.

Erməni işğalçılarını xilas etmək üçün dəfələrlə Rusiya, Amerika, Azərbaycan prezidentlərinə atəşkəs üçün çağırışlar etsə də, onun sözləri ciddiyə alınmır. Müharibə başa çatır, üçtərəfli bəyannamə imzalanır.Ermənistan kapitulyasiya aktını imzalayır. Amma bu adam Minsk qrupu çərçivəsində danışıqların davam etdirilməsindən danışır.

Özünü Avropanın lideri kimi göstərməyə Makron, statusuna yaraşmayan yüngül davranışlarına, düşünülməmiş, ziddiyətli bəyanatlarına görə, normal insanlarda ikrah hissi oyadır. Fransa kimi bir dövlətin rəhbərinin hüquqa, qanunun aliliyinə, beynəlxalq təhlükəsizlik sisteminə, sivilizasiyalar arası münasibətlərə simpatiya və antipatiya prizmasından yanaşması, həm ölkə daxilində, həm də dünya üçün təhlükəli tendensiyadır.

Yaxın keçmişdə bəzi liderlərin, bu tipli isterik davranışlarına görə milyonlarla insanın həlak olması, ölkələrin və şəhərlərin yerlə-yeksan olması ilə nəticələndiyini tarix unutmamışdır.

Fransa senatının heç bir hüquqi əsası olmayan, məlum biabırçı qətnaməsinə münasibətimi əvvəllər də bildirmişdim. Hesab edirəm ki, biz dövlət və millət olaraq bu ləkəli kağızın ləğv olunması və həmin ölkənin təsirində olan digər ölkələrin bu mənfi presedenti təkrarlamaması üçün, maksimum səylərimizi birləşdirməliyik.

Dostun və düşmənin kim olduğuna gəldikdə isə, Vətən müharibəsinin ilk günündən yanımızda olan, siyasi, mənəvi dəstəyini hər dəqiqə hiss etdiyimiz, qardaş Türkiyənin, onun rəhbərliyini xalqımız heç zaman unutmayacaqdır.

Lazımi məqamlarda göstərdiyi prinsipiallığa görə qardaş ölkə Pakistan, Baş nazir İmran xan düşünürəm ki, hər bir azərbaycanlının qəlbində yaşayacaqdır.

Bir çox özlərini müsəlman ölkəsi adlandıran ölkələrə nümunə olacaq İsrail dövləti, çoxsaylı satqın politoloqlarına, jurnalistlərinə rəğmən, müharibənin ilk günündən neytrallıq nümayiş etdirən qonşu Rusiya minnətdarlıqla xatırlanacaqdır.

Yeri gəlmişkən, az və çox fərq etməz. Müqəddəs, tarixi davamızda əməyi keçən, bizə dəstək verərək, haqqın yanında olan bütün dövlətlərə sonsuz təşəkkürlərimi bildirirəm.

Beləliklə, gələcək minilliklər üçün şərəfli Azərbaycan tarixi bu günlərdə yazılır. Millətimizin dostlarının və düşmənlərinin kim olduğu nəsillərin yaddaşlarında həkk olunur.

Nəsib Məhəməliyev-Milli Məclisin deputatı
Xəbəri paylaş