Newscenter.az.29.11.2020. Dövlət rəmzləri hər millətin qürur mənbəyidir. Azərbaycan Respublikasının dövlət rəmzləri Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himnidir. Azərbaycan vətəndaşları Vətənini sevir, dövlət rəmzlərinə hörmətlə yanaşır. Gələcəyimiz olan, yeni formalaşan nəslə Dövlət bayrağına, Dövlət gerbinə və Dövlət himninə dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi üçün mühümdür.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Mavi rəng-Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng-müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng-islam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilib.
Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilib. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdır.
Dövlətimiz onun ərazisindən kənarda Azərbaycanın Dövlət bayrağı barədə təhqiredici hərəkətlərin qarşısının alınması məqsədilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür.
Azərbaycan Respublikası əhali arasında bayrağımızın mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədilə tədbirlər görür. Dövlət bayrağımız Azərbaycan Respublikasının Prezident sarayının və dövlət iqamətgahlarının üzərində, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Məhkəmə-Hüquq Şurasının, mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Prokurorluğunun, Azərbaycan Respublikası Mərkəzi Bankının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Hesablama Palatasının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti orqanlarının binaları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin yerləşdiyi binanın üzərində daimi qaldırılır. Bayrağımız Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının binaları üzərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iqamətgahları üzərində beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq qaldırılır. Eləcə də, Dövlət bayrağı Azərbaycan Respublikasına Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasının gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərin üzərində qaldırılır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan Respublikasının sərhəd nəzarət-buraxılış məntəqələrinin və sərhəd zastavalarının binaları üzərində daimi qaldırılır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin hərbi hissə və hərbi gəmilərində bayraq qanunla müəyyən olunmuş hallarda qaldırılır. Qeyd edək ki, qədim zamanlardan dövlətlərin, şəhərlərin, qohumluq birliyi və ya nəslin fərqləndirici nişanı olan “gerb” Avropa mənşəli sözdür və “vərəsəlik” mənasını ifadə edir. Bayraqlarda, möhürlərdə, pul vahidlərində, istiqraz vərəqələrində və s. gerb yerləşdirilir. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir. Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri var.
Azərbaycanın dövlət gerbi haqqında Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmiş və müsabiqədən keçəcək gerb nümunəsinin həmin ilin mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarıb. Lakin 1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində gerb qəbul edilməyib.1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni
müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırıb.. Müsabiqə 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə elan olunub. 1991-1992-ci illər ərzində müsabiqəyə Dövlət gerbinin onlarla layihəsi təqdim olunmuş, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənib. Azərbaycan Respublikasının Ali Soveti 1993-cü il yanvarın 19-da qəbul etdiyi Konstitusiya Qanunu ilə 1919-1920-ci illərdə hazırlanmış Dövlət gerbi layihələrindən birini müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq edib.
Dövlət gerbinin qabarıq təsviri Azərbaycan Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə; Azərbaycan Respublikası parlamentinin binasına, iclas salonuna və parlament sədrinin xidməti kabinetinə; Azərbaycan Respublikasının bütün məhkəmələrinin, hərbi tribunallarının binalarına, məhkəmə iclaslarının salonlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi sədrlərinin xidməti kabinetlərinə; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına; Azərbaycan Respublikasının diplomatik və ticarət nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına vurulur. Azərbaycan Respublikasının Dövlət himni dövlət rəmzlərindəndir.1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi. 1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.
Azərbaycan Respublikasının Dövlət himni haqqında əsasnaməsinə əsasən Azərbaycan Respublikasının Dövlət himni Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir. Azərbaycan Respublikasının Dövlət himninə dərin ehtiram bəsləmək onun hər bir vətəndaşının vətənpərvərlik borcudur.
Dövlət himni aşağıdakı dövlət bayramlarına həsr olunmuş təntənəli yığıncaqların vəiclasların açılışı və bağlanışı zamanı; hər gün Azərbaycan Respublikası milli televiziya və radio verilişlərinin əvvəlində və axırında; Azərbaycan xalqının və dövlətinin həyatında çox mühüm tarixi hadisələr münasibətilə, Azərbaycanın görkəmli siyasi, dövlət, hərbi xadimlərinin, milli qəhrəmanlarının, elm, ədəbiyyat və incəsənət xadimlərinin şərəfinə
abidələrin və lövhələrin açılışı zamanı; dövlət və ictimai orqanlar, müəssisələr, idarələr və təşkilatlar tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılarkən; Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçıları qarşılanarkən və yola salınarkən-müvafiq ölkənin Dövlət himni ifa olunduqdan sonar ifa olunur. Eləcə də, Azərbaycan Respublikasının
Dövlət himni orkestr, xor, orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və alətlər vasitəsilə ifa olunur. Bunun üçün səsyazma vasitələrindən də istifadə edilə bilər. Bütün hallarda Azərbaycan Respublikasının Dövlət himni tam ifa olunur. Himn “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Azərbaycan Respublikasının 1992-ci il 27 may tarixli Qanunu ilə təsdiq edilmiş mətnə və musiqi redaksiyasına tam müvafiq surətdə ifa olunmalıdır. Eləcə də, Dövlət himni camaat qarşısında ifa olunarkən oradakılar himni ayaq üstə dinləməli və ya oxumalıdırlar.
Müstəqilliyimizi təcəssüm etdirən dövlət rəmzlərinə sevgi və hörmət bəsləyirik. Müqəddəs bildiyimiz dövlət rəmzlərini qorumağa borcluyuq. Əhali arasında dövlət rəmzlərinin mənası və mahiyyətinin geniş təbliği vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir.
Əli İbrahimov-hüquqşünas