Newscenter.az.30.11.2020. 2020 ilin yanvar-noyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyinin xətti ilə kənd təsərrüfatına ayrılan kredit və güzəştlərdən 5623 fermer və sahibkar faydalanıb.
Newscenter.az- a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, cari ildə AKİA kənd təsərrüfatı məhsulları istehsalçılarına 65 milyon manatdan artıq kredit ayırıb. Bu vəsaitin 32 milyon manatdan çoxu mikrokredit və digər təyinatlı kreditlər, 33.4 milyon manatı isə kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli şərtlərlə maliyyələşdirilməsi üçün ayrılan kreditlərdir.
Ayrılan kredit vəsaitinin 20.6 milyon manatı mikrokreditlərin payına düşüb. Mikrokreditlərdən 2200 nəfərdən artıq fermer faydalanıb.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına fermerlərə mikrokreditlər 12%, nağd pul və digər kənd təsərrüfatı təyinatlı kreditlər 7%-lə verilir. Kənd təsərrüfatı məhsulları istehsalçılarının aldıqları damazlıq heyvanın qiymətinin 60%-i, texnikanın qiymətinin isə 40%-i dövlət tərəfindən ödənilir.
Hesabat dövründə fermerlərin texnika və damazlıq heyvan almasına AKİA tərəfindən 75.7 milyon manatdan artıq subsidiya verilib.
Orxan