Newscenter.az.1.12.2020. Bax belə. İşğaldan azad olunan Laçın rayonunda da Azərbaycan bayrağı qaldırıldı. Qəhrəman hərbçilərimiz Ali Baş Komandan Prezident İlham Əliyevə Laçın şəhərində dövlət bayrağının asılması haqqında məruzə etdilər. Beləliklə, 28 ilin məşəqqətli həsrəti bu gün - dekabrın 1-də başa çatdı.
Bu gün də müqəddəs bir gün kimi yaddaşımıza və tariximizə yazıldı. Şanlı Azərbaycan Ordusu 44 günlük müharibədə qazandığı möhtəşəm Qələbə ilə işğal tarixinə nöqtə qoydu, işğal saatının əqrəblərini dayandırdı və tarixin təkərini doğru məcraya yönəltməyi bacardı. Beləliklə, işğal tarixi qapandı, zəfər tarixi yazılmağa başlandı. Bu gün Laçının dinc yolla, qan tökülmədən işğaldan azad edilməsi məhz Azərbaycan Ordusunun qazandığı zəfərlərin məntiqi sonluğu, müsbət nəticəsidir.
İkinci Qarabağ müharibəsində Müzəffər Ordumuz Ali Baş Komandanımız İlham Əliyevin misilsiz sərkərdəliyi nəticəsində tam və qəti qələbəyə imza atmasaydı, indi nə Ağdamı, nə Kəlbəcəri, nədəki Laçını belə dinc yolla götürə bilməyəcəkdik. Ordumuzun döyüş əzmi işğalçı Ermənistanın və separatçı ermənilərin iradəsini qırdı, onları kapitulyasiyaya imza atmağa məcbur etdi. Bəli, noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Azərbaycan üçün qələbə, Ermənistan üçün isə rüsvayçı kapitulyasiya sənədidir.
İndi bütün sıravi ermənilər həm şokdadır, həm də dərin ruh düşkünlüyü yaşayırlar. Onlar hələ də inana bilmirlər ki, İkinci Qarabağ müharibəsini uduzublar. Onlar Ağdamı, Kəlbəcəri tərk etmək istəmirdilər. Çıxmalı olduqlarını dərk edəndə isə hər şeyi yandırıb, viran qoyub çıxdılar. Elə Laçını da tərk etmək istəmirdilər. Dünən Laçın şəhərində və bəzi kəndlərində bir sıra ermənilər hətta son ana qədər gözlədilər ki, bəlkə çıxmamaq haqqında göstəriş gələcək. Bir erməni qadınının Laçından çıxmamaq üçün özünə necə əl qatmasının, şivən salmasının videogörüntülərini də yəqin ki, hamınız izləmisiniz. Bu nədən xəbər verir? Bu onu göstərir ki, təkəbbürlü və özlərindən razı ermənilər son ana qədər Laçından və digər torpaqlarımızdan çıxarılacaqlarına, qovulacaqlarına inanmırmışlar.
İşğalçı Ermənistanın keçmiş və indiki rəhbərləri sıravi ermənilərdə belə bir yanlış inam formalaşdırıbmış ki, Qarabağ həmişəlik olaraq Ermənistanın işğalı altında qalacaq və erməni yurduna çevriləcək. Onlar sıravi erməniləri yalançı miflərə inandırmışdılar. Lakin Azərbaycan Ordusu bu mifləri qırdı, məhv etdi. Ermənilər Ordumuzun qələbəsi nəticəsində ağır mənəvi-psixoloji zərbə və zədə aldı.
Biz bu zədənin nəticələrini, əlamətlərini Laçını tərk etmək məcburiyyətində qalan mülki ermənilərin çöhrələrində gördük. Laçını tərk etmək onlar üçün çox ağrılı idi. Prezident İlham Əliyevin Laçının işğaldan azad edilməsi münasibətilə bu gün xalqa etdiyi müraciətində də bunu qeyd etdi ki, ermənilər Laçın rayonunun ərazisinin bütünlüklə dəhliz kimi Ermənistanın nəzarətində qalmasına iddia edirmişlər. Ancaq Müzəffər Ordumuz ermənilərin bu iddialarını tamamilə alt-üst etdi. Ordumuz yeni reallıq yaratdı.
Beləliklə, indi Laçın yenidən bütöv Azərbaycan ailəsinə qovuşub. Mən bu gün insanlarımızın Laçının işğaldan azad edilməsi münasibətilə yaşadıqları sevinc hisslərini müşahidə etdim. Əslən Laçından olan bir məcburi köçkün soydaşımızın bu gün sosial şəbəkədə yazdığı "çox xoşbəxtəm, qəribliyin daşını atdım artıq" sözlərini həm həyəcanla, həm də böyük qürur hissilə oxudum. Bu cür bir-birindən xoş çoxlu paylaşımları oxumaq həqiqətən də böyük qürur hissi yaradır.
İndi Laçın yenidən bizimdir. Şəhidlərimizin qisası alındı. Laçın uğrunda canlarını fəda edən şəhidlərimizin ruhlarının bu gün şad olacağına əminəm. Biz o şəhidlərimizin ruhları qarşısında baş əyirik!
Əsgər və zabitlərimizlə qürur duyuruq. Azərbaycan Ordusuna İkinci Vətən müharibəsində göstərdiyi rəşadətə görə təşəkkür edirik! Siz bizim şərəf mənbəyimizsiniz, igid hərbçilər!
Cənab Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyevi bu böyük Qələbə münasibətilə ürəkdən təbrik edirik. Bu Qələbə Ordumuzun qəhrəmanlığı, Sizin isə sərkərdəlik məharətiniz və müdrikliyinizin sayəsində mümkün oldu. Siz Azərbaycan tarixinə öz adınızı Qalib Lider kimi yazdırdınız. Siz Azərbaycanın daim torpaq itirən ölkə imicini və sindromunu qırdınız, sındırıb atdınız. Siz ölkəmiz üçün tamamilə yeni səhifə açdınız. Artıq Azərbaycana qarşı istər bölgəmizdə, istərsə də dünyada münasibət kökündən dəyişib. İndi Azərbaycan hər kəsin hesablaşdığı güclü bir ölkəyə çevrilib. İndi Azərbaycan həqiqətən də Cənubi Qafqazın lider dövlətidir. Və indi Azərbaycan Ordusu həqiqətən də Cənubi Qafqazın ən güclü və peşəkar Ordusu kimi qəbul olunur. Bütün bunların hamısı Sizin xidmətiniz və uğurlarınızdır, cənab Prezident!
Əziz laçınlılar, dəyərli bacı və qardaşlarımız, sizi də ürəkdən təbrik edirik. Gözünüz aydın olsun. Həsrətiniz bitdi. Məcburi köçkün həyatınız sona çatdı. Artıq sizin üçün tamamilə yeni bir dövr başlayır. Yeni həyatınız xeyirli-uğurlu olsun, əziz laçınlı həmvətənlərimiz. Ocaqlarınız gur yansın!
Təbriklər, Azərbaycan! Laçının qayıdışı mübarək olsun!
Əlisahib Hüseynov -
Milli Həmrəylik Partiyasının (MHP) sədri