Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağalar Vəliyev: "Laçının azad edilməsi ilə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi başa çatdırıldı"



Newscenter.az.2.12.2020. “Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının qansız-qadasız yolla və şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrilib. Doğrudur, bütün işğal altında olan rayonlarımızın azad edilməsi Azərbaycanın tarixi qələbəsidir. Lakin, strateji baxımdan Laçın erməni hərbi-birləşmələri üçün nəfəslik rolunu oynayırdı. Çünki, son 28 ildə Ermənistanla Dağlıq Qarabağ arasındakı nəqliyyat bağlantısı, daha dəqiq söyləsək həyati bağlantı Laçın rayonu vasitəsilə qurulmuşdu”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ağalar Vəliyev səsləndirib. O, deyib ki, Ermənistan Qarabağa silah-sursat, canlı qüvvə daşınmasını və digər həyati əhəmiyyətli daşımaları birbaşa Laçın dəhlisi vasitəsilə həyata keçirirdi:

“Eyni zamanda Laçının işğaldan azad edilməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında dövlətimizin uzun illər apardığı düşünülmüş siyasətin nəticəsi və son iki ayda qazandığı möhtəşəm hərbi və siyasi uğurların zirvəsinə çevrildi”.

Deputat deyib ki, Müzəffər Azərbaycan Ordusu tərəfindən Laçının azad edilməsi ilə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməsi başa çatdırıldı və erməni işğalına birdəfəlik son qoyuldu:

“Demək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi adlı anlayış həyatımızdan silinib. Ölkəmizin ərazi bütövlüyü təmin olunub. Bununla da bölgəmizdə yeni siyasi və iqtisadi reallıqlar yaranıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində söyləmişdir:

"Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır".

Millət vəkili qeyd edib ki, Türkiyənin və Rusiyanın fəal iştirak edəcəyi təhlükəsizlik əməkdaşlığı formatı Azərbaycanın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir:

“Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Rusiyanın sülhməramlı qüvvələrinin Laçın dəhlizinə nəzarət edəcəyi təqdirdə yaxın gələcəkdə Ermənistan üçün Dağlıq Qarabağda qeyri-qanuni erməni separatçı strkuturlarını qoruyub saxlamaq daha mümkün olmayacaq. Türkiyə ilə əməkdaşlıq isə Qarabağ bölgəsinin gələcəyinə dair əsasən iqtisadi strateji planların həyata keçirilməsində vacib rol oynaya bilər. Bununla da iki qüdrətli dövlətin bölgədə formalaşan əməkdaşlıq formatı Azərbaycanın milli maraqlarına tamamilə uzlaşdırılmış şəkildə cavab vermiş olur”.

Milli Məclisin üzvü onu da vurğulayıb ki, Qarabağ bölgəsi üçün yaranmış yeni reallıqlar öz növbəsində yeni perspektivlər vəd etməkdədir:

“Birinci növbədə logistika, nəqliyyat və enerji təhlükəsizliyi məsələlərinin təmin olunması həyata keçiriləcək. Ölkəmiz və xalqımız üçün tamamilə yeni epopeyaya- quruculuq, inkişaf və azad edilmiş ərazilərimizin bərpa olunması epopeyasına qədəm qoyuruq. İnamla demək olar ki, tarixən ən çətin vəzifələrin öhdəsindən gələn Azərbaycan xalqı həmrəylik və böyük əzm nümayiş etdirərək mənfur qonşularımız tərəfindən darmadağın edilmiş şəhərlərimizin və kəndlərimizin bərpa olunub normal həyata qayıtması üçün bütün gücünü ortaya qoyacaq”.
Xəbəri paylaş