Newscenter.az.3.12.2020. Prezident İlham Əliyevin təsdiqlədiyi "Regionların Sosial-İqtisadi İnkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq "Azərsu" ASC kənd və qəsəbələrin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir.
Newscenter.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, səhmdar cəmiyyətinin daxili imkanları hesabına Tovuz rayonunun Düz Cırdaxan, Cəlilli və Dönük Qırıqlı, Gədəbəy rayonunun Tərsyer kəndlərində içməli su layihələri həyata keçirilir.
Gədəbəy rayonunun Tərsyer kəndinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə icra olunan layihə artıq yekunlaşıb. Tərsyer kəndi Tovuz rayonunun kəndlərinə yaxın ərazidə yerləşdiyindən kəndin su təchizatı Zəyəmçay-Tovuz su xəttindən aparılır. Bu məqsədlə magistral kəmərdən kəndə 3 km uzunluğunda su xətti çəkilib. Tərsyer kəndinə çəkilmiş su xətti Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisindən keçdiyi üçün həmin kəndə də suyun verilməsi qərara alınıb. Layihə çərçivəsində kəndlərdə 2 km paylayıcı şəbəkə yaradılıb və əhalinin ümumi istifadəsi üçün bulaqlar quraşdırılıb. Layihənin icrası nəticəsində Tərsyer və Dönük Qırıqlı kəndlərinin sakinlərinin keyfiyyətli içməli suya çıxışı təmin edilib.
Tovuz rayonunun Düz Cırdaxan və Cəlilli kəndlərinə isə içməli suyun Tovuz şəhərinin şəbəkəsindən verilməsi layihələndirilib. Bu məqsədlə Düz Cırdaxan kəndindən keçməklə Cəlilli kəndinə qədər 3,7 km uzunluğunda magistral kəmərin, eyni zamanda kəndlərdə 2 km paylayıcı su xətlərinin və əhalinin ümumi istifadəsi üçün 16 ədəd bulağın quraşdırılması nəzərdə tutulur. Hazırda magistral kəmərin tikintisi davam etdirilir. Bu layihə çərçivəsində Düz Cırdaxan və Cəlilli kəndlərinin içməli su problemi həll ediləcək.
Bu kəndlərin əhalisi uzun illər Tovuz və Zəyəm çaylarının suyundan istifadə edib və son illər müşahidə olunan quraqlıq səbəbindən sakinlər içməli suyu uzaq məsafədən daşımaq məcburiyyətində qalırdı.
2020-ci ilin ötən dövrü ərzində “Azərsu”yun daxili imkanları hesabına Saatlının Nərimankənd və Musalı kəndindəki məcburi köçkün qəsəbəsinin, Ağstafa rayonunun Köçəsgər kəndinin, Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadığı qəsəbənin, Qobustan rayonunun Sündü kəndinin qəsəbə adlanan ərazisinin içməli su təchizatının yaxşılaşdırılması ilə bağlı layihələr icra olunub. Yaşayış məntəqələrində həyata keçirilən layihələrin bir qismi cari ilin sonu, bir qismi isə gələn ilin əvvəlində yekunlaşacaq.
Cari ildə dövlət investisiya proqtramı çərçivəsində isə Şabran rayonunun Taxtakörpü, Siyəzən rayonunun Sədan və Eynibulaq, Şamaxı rayonunun Hacıqədirli, Lerik rayonunun Piran, Astara rayonunun Qamışoba və Balaşahağac kəndlərində yeni su təchizatı sistemləri yaradılıb.
Sevinc