Newscenter.az.6.12.2020. Milli Məclisin deputatı, parlamentin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsinin qazisi Musa Hüseynovla görüşüb, yaralı qazinin səhhəti və qayğıları ilə maraqlanıb.
Newscenter.az-ın xəbərinə görə, deputat qazi Musa Hüseynova xitabən deyib ki, Siz əsgər və zabitlərimiz müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıraraq tarixi hadisənin iştirakçısı və şahidi oldunuz. Sizlər başda Ali Baş Komandanımız olmaqla Ordumuzun qüdrətini, xalqımızın birliyini, ləyaqətini dünyaya göstərdiniz:
"Mənsub olduğunuz Silahlı Qüvvələrimizin xilaskarlıq missiyası mədəniyyət beşiyimiz Şuşa şəhərinin, tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, ibadətgahın, abidənin də bərpası, təmiri üçün imkanlar açdı. Müharibə günlərində şəhid olan hərbçilərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk.
Sizi, Sizin timsalınızda çiyin-çiyinə döyüşdüyünüz bütün əsgər və zabitlərimizi bir daha tarixi Zəfər və xilaskarlıq missiyasının uğurla sonuclanması münasibəti ilə ürəkdən təbrik edirəm!”.
Cənab Prezidentin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaralı hərbçilərimizə xüsusi diqqət və qayğısını minnətdarlıqla qeyd edən Komitə sədri, bu diqqət və qayğının hər bir məmur, millət vəkili, işadamı üçün örnək təşkil etdiyini bildirib.
Musa Hüseynov səmimi görüş üçün deputat Qənirə Paşayevaya təşəkkür edib.
XXX
Millət vəkili Qənirə Paşayeva həmçinin Silahlı Qüvvələrin Azərbaycan Böyük Vətən Müharibəsində yaralanmış kapitanı Əli Valeh oğlu Kərimovla görüşüb.
Qazini işğalçı düşmən üzərində parlaq qələbə münasibəti ilə təbrik edən Komitə sədri onun və silah yoldaşlarının Azərbaycan hərb tarixinin qızıl səhifəsinə düşəcək Zəfərin qazanılmasında fədakarlıqla iştirakına vurğu edib:
“Sizin peşəkar hərbçi uğurunuz gələcək yeni hərbçi nəsillərimiz üçün unudlumaz örnək təşkil edir. Müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıran siz fədakar qazilərimiz, başda Ali Baş Komandanımız olmaqla Ordumuzun qüdrətini, xalqımızın birliyini dünyaya göstərdiniz.
Sizin xilaskarlıq missiyanız mədəniyyət beşiyimiz Şuşa şəhərinin, tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, ibadətgahın, abidənin də bərpası, təmiri üçün imkanlar açıb”.
Komitə sədri ali dövlət rəhbərliyinin yaralı hərbçilərimizə xüsusi diqqət və qayğısının hər bir məmur, millət vəkili, işadamı üçün örnək təşkil etdiyini bildirib.
Kapitan Kərimov Komitə sədri ilə öz döyüş təəssüratlarını bölüşüb, iştirakçısı və şahidi olduğu qəhrəmanlıq səhnələrindən danışıb.
Anar