Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəyal Bəşirov-Şəhidlərimizi cənublu və ya şimallıya bölməyin



Newscenter.az.6.12.2020. Rəsmi qaydada şəhidlərimiz barədə məlumatlar veriləndən sonra sosial şəbəkələrdə hər regiondan və ya rayondan olan şəhidlərimiz barədə məlumatlar verilir.

Təbii ki, statistika olaraq bu rəqəmlər dövlətə lazım ola bilər. Ancaq cəmiyyətin şəhidlərimizə münasibətdə belə bölgünü aparması təkcə şəhidlərimizə deyil, həm də onların müqəddəs mübarizəsinə olan hörmətsizlikdir!

Ancaq içimizdə olan və Vətən müharibəsində iştirak edən, şəhid və qazi olan qəhrəmanlarımızı regionlara bölməklə erməni siyasətinə xidmət edən bəzi satqınların dərk etməsi üçün bu məlumatların işıqlandırılması bəlkə də əhəmiyyətlidir.

Həmin Azərbaycanbölənlər anlasınlar ki, bizim oğullar regionlarına görə şəhid olmur! Onlar vahid və bütöv Azərbaycan uğrunda canlarını, qanlarını və həyatlarını qurban verir! Ancaq həmin fürsətcillər isə, Bakının mərkəzində isti yerlərdə oturub insanlara ağıl verib vətən müharibəsi iştirakçılarının etnik bölgüsünü aparırlar.

Diqqət etsək görərik ki, 44 günlük ikinci Qarabağ müharibəsi dövründə bizim döyüşçülərimizə münasibətdə bu cür bölgünü bir Ermənistan tərəfi apardı, bir də bizim həmin kəmfürsətlər! Ayıb olsun sadəcə!

Həmin 2783 can və ruh bir məqsəd və bir amal- vahid Azərbaycan uğrunda mübarizə aparırdı! Nə qədər bütöv Azərbaycan var və yaşayır onlar da, yaşayacaq!

Allah bütöv Azərbaycan uğrunda canını qurban verən bütü şəhidlərimizə rəhmət eləsin!

Xəyal Bəşirov-siyasi ekspert
Xəbəri paylaş