Newscenter.az.7.12.2020. Bu gün baş verən önəmli hadisələrdən biri də Səbail Rayon Məhkəməsində iyulun 14-dən 15-nə keçən gecə “Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirilən şəxslərin bəziləri barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı prokurorluğun vəsatətinə baxılması və həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilməsi oldu.
Beləliklə, 15 təqsirləndirilən şəxs – Nağıyev Ramid Zəkrulla oğlu, Mirzəyev Gündüz Vaqif oğlu, Əliyev İlkin Pirəli oğlu, Məmmədov Elçin Əlisəfa oğlu, Mövlayev Dəyanət Kərəm oğlu, Mustafayev Səyavuş Firudin oğlu, Məmişov Taleh Seyidxan oğlu, Məmmədov İsmayıl İltifat oğlu, Cabbarov Elnur Yusif oğlu, Abadov Fərid Mətləb oğlu, Vahabov Müşviq Fazil oğlu, Mustafayev Səbuhi Yusif oğlu, Məmmədov Azər Vaqif oğlu, Babayev Ramiz Həmzə oğlu və Çobanov Pərvin Nadir oğlu ev dustaqlığına buraxıldı.
Xatırladaq ki, ötən ay eyni maddə ilə təqsirləndirilən şəxslərdən 21 nəfəri barədə də ev dustaqlığı qərarı verilmişdi. Azadlığa buraxılanlar sırasında AXCP funksionerləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim və digərləri də vardı.
Bu qərar ölkədə siyasi konsensusun və vətəndaş həmrəyliyinin təmin olunması baxımından olduqca təqdirəlayiq hadisə kimi qiymətləndirilməlidir. Ordumuza dəstək və Qarabağın işğaldan azad edilməsi məqsədilə keçirilən yürüşdə iştirak edən bu müxalifətçi gənclərin Qələbə paradı ərəfəsində azadlığa buraxılması cəmiyyətimiz tərəfindən də müsbət hadisə kimi qarşılandı.
Hakimiyyət bu qərarı verməklə ölkədə siyasi dialoq mühitinin formalaşması və oturuşması üçün daha bir olumlu addım atdı. Prezident 44 günlük müharibənin gedişində ən yüksək səviyyədə təzahür edən milli birliyin və həmrəyliyin bundan sonra da davam etdirilməsində maraqlı və qərarlıdır. Ümid edirəm ki, müxalif camiə də hakimiyyətin bu mövqeyini anlayışla qarşılayacaq və konstruktiv yanaşma ortaya qoyacaq. 15 məhbusun evinə buraxılması radikal müxalifətə də ciddi ismarıcdır. Hesab edirəm ki, radikal müxalifət bundan sonra qərəzli mövqeyindən və cığallığından əl çəkməlidir.
Əlisahib Hüseynov -
Milli Həmrəylik Partiyasının (MHP) sədri