Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəyə görə dünya dövlətləri Azərbaycanı Qələbə və Zəfər paradı münasibətilə təbrik etmədi?



Newscenter.az.11.12.2020. Dövlətimizin və xalqımızın möhtəşəm qələbəsinin təntənəli şəkildə qeyd edilməsi ilə bağlı keçirilən Zəfər Paradımız həm də, təkcə mənfur düşmənlərimizə deyil, bütün dünyaya bir mesaj idi. Bu xalq çox şeyi unudar xəyanəti əsla unutmaz! Biz bizdən oğurlanan çox şeyi peşkəş edib onlardan keçə bilərik, ancaq babalarımızdan bizə, sonrakı nəsillərimizə ötürmək üçün miras qalmış torpaqlarımızın oğurlanmasını heç vaxt! Biz hər bir namərdliyə qarşı mərdlik edib göz yuma bilərik, köməksiz körpələrimizə, hamilə qadınlarımıza və ahıl baba-nənələrimizə qarşı soyqırımı, vəhşiliyi və caniliyi isə yox!

Biz bu Qələbəmizlə və onun beynəlxalq aləmə səs salan Paradı ilə bütün dünyaya bəyan etdik ki, bu qələbəni kimlərsə deyil, Azərbaycan Ordusu bizə yaşatdı!

Azərbaycan 1991-ci ilin 18 oktyabrında müstəqilliyinə yarımçıq qovuşdu! Dövlətimiz suverenliyini əldə etməklə paralel canının bir hissəsini itirdi. Azərbaycanımızın ya "Azər"i, ya da "Can"ı zorla bizdən alındı, qartal duruşlu məmləkətimizin ayaqlarına sanki qandal vuruldu! O qartal, bu zamana qədər çoxlu yaralar, ağır zərbələr almışdı, ancaq bu dəfəki yara ölümcül idi.

Bu qələbə ilə biz həm də, tam olaraq müstəqilliyimizə və suverenliyimizə qovuşduq. Bu qələbədən sonra, ilk dəfə konstitusiyamızın və qanunlarımızın təsir quvvəsinin bütün ölkə ərazisinə şamil olunmasına nail olduq. Erməni təcavüzü nəticəsində yaranan bu 32 illik münaqişə dövründə, həmişə və bütün dağıntılar, itkilər və ölümlər Azərbaycan ərazisində baş verib. Ona da son qoyuldu və bütün ərazilərimizlə yanaşı, mülki vətəndaşlarımızın həyatı da təhlükəsizliyə alındı. Artıq bundan sonra, Ermənistan tərəfi əvvəlki kimi təxribata yol verəcəksə, ilk dəfə olaraq cavabını bizim deyil, öz ərazilərində alacaqdır.

Bu günə qədər dünya faşizmi üzərində əldə olunan 9 may qələbəsi ilə bağlı tədbirlərdə iştirak etsək də, o təkcə bizim qələbəmiz deyildi. Həmin qələbədə xalqımızın əvəzəolunmaz payının olmasına baxmayaraq, o qələbəni bizimlə yanaşı, elə özü də faşizm siyasətini həyata keçirən Ermənistan da qeyd edirdi.

Ancaq artıq bizim, dünyada azsaylı xalqların və dövlətlərin malik olduğu kimi öz qələbəmiz var! Hansı ki, o qələbəni müzəffər Azərbaycan Ordusu erməni faşizmi üzərində qazandı! Bu qələbədə bizə siyasi, diplomatik və mənəvi dəstək verən ən yaxın dostlarımız və qardaşlarımız olsa da, bu tarixi missiyamıza şərik qoşmağa imkan vermərik! Çünki bu cür cəhdlər mənfur düşmənimizin dəyirmanına su tökməklə yanaşı, həm də bizim qələbəmizin möhtəşəmliyinə kölgə salmağa xidmət edir.

Tarixi Qələbəmiz kimi, onun elə tarixə qızıl hərflərlə həkk olunan Paradı da, çox möhtəşəm oldu! Möhtəşəm məqamlardan biri də, əldə etdiyimiz hərbi qənimətlərin nümayişi ilə bağlı idi. Tarixən, müharibələrdə düşməndən əldə olunmuş hərbi qənimətlərin həcminin çoxluğu və onların daha az məhvə məruz qalması qalib tərəfin gücündən və əldə etdiyi qələbənin möhtəşəmliyindən xəbər verib.

Bəs bu 44 günlük amansız müharibəni və düşmənin kapitulyasiyası ilə nəticələnən Qələbəmizi müşahidə edən dünya dövlətləri niyə qalib Azərbaycanı və onun qalib rəhbərini təbrik etmir?! Yoxsa bizim möhtəşəm qələbəmizə və düşmənin acı məğlubiyyətinə şübhə ilə yanaşırlar?!
Zənnimcə bu qələbəyə və onun möhtəşəmliyinə heç kim şübhə ilə yanaşmır və yanaşa da bilməz! Təbriklərin olmamasının və səssizliyin əsas səbəbləri isə tam fərqlidir!

Əsas məqsəd, otuz ilə yaxın dövr ərzində torpaqlarımızı işğala məruz qoyub dövlətimizə və xalqmıza yüz milyardlarla zərər vuran Ermənistan dövlətini, vurduğu zərərə görə təzminatdan yayındırmaqdır! Məqsəd həm də, bu zərərlə yanaşı azərbaycanlılara qarşı soyqırımları və vəhşilikləri həyata keçirən Ermənistanın cinayətkar rəhbərliyində təmsil olunanların beynəlxalq hərbi tribunalda mühakimə olunaraq layiqli cəzalarına çatmalarına mane olmaqdır!
Ancaq bütün bunlar dünyada baş verən anoloji hadisələrə ikili yanaşmanın növbəti təzahürü olmaqla yanaşı, həm də çox əbəsdir! Çünki, bu qələbənin əldə olunmasını otuz ilə yaxın gözləyən və buna nail olmağı bacaran xalqımız və dövlətimiz ona da nail olacaq! Bütün dünya bilsin ki, Şuşanı alaraq müharibəni möhtəşəm zəfərlə tamamlayan xalqımız, Ermənistanın bir dövlət kimi çökməsi hesabına da başa gəlsə, o təzminatın ödənilməsinə və əli xalqımızın qanına batmış Koçaryanların, Sarqsyanların, Manukyanların, Ohanyanların və digərlərinin layiq olduqları cəzalarını almalarına nail olacaqdır!
Uca Tanrı Azərbaycanı qorusun və müharibədə olduğu kimi, növbəti mübarizəmizdə də, bizi tezliklə qalib etsin!

Xəyal Bəşirov-politoloq
Xəbəri paylaş