Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan xalqı milli tarixinin ən möhtəşəm səhifəsini yaşayır



Newscenter.sz.12.12.2020. Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Ermənistanın başç naziri Paşinyan deyirdi ki, bizim hərbi texnikamız Bakıya qədər gedib çıxacaq. Elə də oldu. Onların texnikası bizim vətənimizdə, Azadlıq meydanında xalqa nümayiş üçün gəldi.

Milli Məclisin deputatı Eldəniz Səlimov deyib ki, bu möhtəşəm bir zəfərdir:

“Bu zəfər yolunda bizi yalnız qoymayan, daim bizə dəstək olan ölkələr oldu. Bunlardan biri də qardaş ölkə Türkiyədir. Vətən müharibəsinin ilk günlərindən, ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Biz bilirik ki, bu münasibətlər bizim aramızda əbədidir. Qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə şanlı Zəfər Paradında da bizi tək qoymadı. Sayın Rəcəb Tayyip Ərdoğanın səfəri Azərbaycanda hər kəsi sevindirdi, qürurlandırdı”.

Deputat deyib ki, Türkiyənin mənəvi dəstəyi ilə Azərbaycan Ermənistanı məğlub etdi, işğala son qoydu:

“44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala, bu haqsızlığa son qoyulsun, tarixi ədalət zəfər çalsın. Qazanılan zəfərimiz bütün dünyaya səs saldı. Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salındı. Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır. Biz bunu hər kəsə sübut etmişik. Azərbaycan haqq səsini dünyaya yaymağı bacardı. Uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə və platformalarda Azərbaycan həqiqətlərini çatdırmaq istiqamətində tərəfimizdən böyük işlər aparıldı və bu işin səmərəsi oldu. Bütün aparıcı beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bunu dəstəklədi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Assambleyasının qətnamələri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti və digər təşkilatlar Azərbaycanın haqq işini dəstəklədi. Beləliklə, münaqişənin həlli üçün hüquqi zəmin yaradıldı. Məqsədyönlü səylər nəticəsində münaqişə, Qarabağın tarixi ilə bağlı dünya ictimaiyyətinə dolğun məlumat çatdırıldı, Ermənistanın yalançı təbliğatına son qoyuldu və bütün dünya gördü ki, Qarabağ əzəli tarixi torpağımızdır”.

Eldəniz Səlimov bildirib ki, münaqişənin hərbi yollarla həll edilməsi qaçılmaz idi:

“Son illərdə beynəlxalq hüquq və prinsiplər kobudcasına pozulur. Bəzi ölkələr güc tətbiq edərək öz məqsədlərinə çatırlar, beynəlxalq hüquq kağız üzərində qalır, BMT Təhlükəsizlik Şurasının qətnamələri kağızda qalır. Belə olan halda Azərbaycan öz sözünü və siyasətini yeritdi. İstər diplomatik siyasi, istərsə də hərbi yolla öz torpaqlarımızı geri alacağımızı sübut etdik. Nəhayət, 44 günlük hərbi əməliyyatlar sonrasında razılıq əldə edildi. Son illər ərzində, xüsusilə son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi”.

Deputat deyib ki, Azərbaycan səbirli və qəhrəman xalqdır:

“Biz bizə edilənlərə səbr edirik, ancaq unutmuruq. Ermənistanın faşist əməllərinə Beynəlxalq arenada göz yumulsa da biz buna səssiz qalmadıq. Azərbaycan xalqı Qələbəni 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Müharibə dövründə xalq öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirə bildi. Bizim gücümüz birliyimizdədir. Yumruq kimi bir olaraq, əzmlə düşmın üzərinə yeridik. Haqqımız olanı geri qaytardıq. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Məhv də olacaq. Çünki bu xalq əzəldən yoxa məhkumdur. Onlar öz vəhşiliklərini azad olunmuş torpaqlarda da göstəriblər. Hər yeri yerlə-yeksan edərək talayıblar. Bütün binalar, bütün tarixi abidələr, məscidlər, qəbirlər, məzarlıqlar mənfur düşmən tərəfindən dağıdılıb. Onlar hamısı bərpa ediləcək. Azərbaycan bütün işğaldan azad olmuş rayonları bərpa edərək ora yeni nəfəs verəcəkdir. Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Hər bir vətəndaşımız bu məsələlərdə fəal olmalıdır”.

Eldəniz Səlimov onu da deyib ki, qələbəmizlə erməni miflərinə son qoyuldu:

“Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, erməni mifini də məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanın da məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mif darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, darmadağın oldu, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ağır məğlubiyyətə dözməyərək noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanıb. Bu böyük bir uğur, möhtəşəm qələbədir. Biz Ermənistanı buna məcbur etdik. Onların başqa çarəsi yox idi. Artıq məğlubiyyətini qəbul edə bilməyən Paşinyan mülki əhaliyə qarşı cinayət törətməyə başladı. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla, kasetli bombalarla atəşə tutuldu. Bu namərd atəş nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb və mülki evlərə ziyan vurulub. Lakin bunların heç biri bizim qarşımızı ala bilmədi. Bütün çətinliklərə sinə gərərək, biləyimizin gücü ilə qələbəmizi qazandıq. Bizim olanı geri qaytardıq. Bu qalibiyyətin ən əsas yaradıcısı cənab Prezident İlham Əliyevdir. Bu möhtəşəm qələbəyə görə sizə minnətdarıq. Var olsun Ali Baş Komandanımız! Var olsun Azərbaycan!”.
Xəbəri paylaş