Sabah Araz çayı üzərində “Qız Qalası” hidroqovşağının istismara verilməsi nəzərdə tutulur.
Newscenter.az bu barədə İranın “Tahsim” agentliyinə istinadən xəbər verir.
“İran və Azərbaycanın birgə inşa etdiyi “Qız Qalası” hidroqovşağının istismara verilməsi ilə bağlı açılış mərasimi mayın 19-da keçiriləcək. Bu layihə İranın Azərbaycanla həmsərhəd olan şimal-qərb bölgələri üçün ən böyük su layihəsinə çevrilib”, - məlumatda qeyd edilib.
Gözlənilir ki, suvarma və kənd təsərrüfatının sürətli inkişafı ilə yanaşı, “Qız Qalası” su elektrik stansiyasının (SES) istismarı regionun iqtisadi inkişafına, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinə və turizmin inkişafına gətirib çıxaracaq.
Qeyd edək ki, layihə iki su elektrik kompleksinin və quraşdırılmış gücü 100 MVt olan “Xudafərin” və 40 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının tikintisini nəzərdə tutur.
Bu layihənin həyata keçirilməsi təkcə Azərbaycana ildə 358 milyon kVt/saat elektrik enerjisi istehsal etməyə, 252 min hektar mövcud sahənin suvarılmasını yaxşılaşdırmağa və 12 min hektar yeni əkin sahəsinin suvarılmasını təmin etməyə imkan verəcək.
Ümumi gücü 1,6 milyard kubmetrdən çox olan bu su elektrik kompleksləri və elektrik stansiyaları Azərbaycan və İrana sərhəd Araz çayının su və enerji ehtiyatlarından birgə istifadə etməyə imkan verəcək.
2016-cı ilin iyulunda Azərbaycan Prezidenti İlham Əliyev Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyalarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, enerji və su ehtiyatlarının birgə istifadəsi haqqında Azərbaycan-İran sazişini təsdiqləyib.(report)