Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir-birilərinə əzəli düşmən olan ölkələrin yaxınlaşmalarının SƏBƏBLƏRİ



Newscenter.az.15.12.2020. Bizim regionda baş verən hadisələrə, müharibəyə, müharibədən sonrakı proseslərə, Türkiyə Prezidentinin Bakıdakı Paradda iştirakına və orada söylədiyi şerlə bağlı İranın təpkisinə real izah tapmaq üçün bütün bunlara qlobal yanaşmaq tələb olunur. Prezident İlham Əliyev İranla sərhəddimizi dostluq sərhədi adlandırır. Qeyd olunan şer yüz il əvvəl yazılıb, ancaq indi, məhz Azərbaycanın qələbə paradında,özü də, dünyada sözünün çəkisinə gör sayılıb-seçilən liderlərdən biri olan, dediyi fikirlərlə beynəlxalq aləmdə dəfələrlə bomba partlayışı effekti yaradan R.T.Ərdoğan tərəfindən səsləndirilir.

Təbii ki, bu ciddi mesaj idi, ancaq hamının fikirləşdiyi kimi sadə məzmunlu mesajın olmadığını düşünürəm. Çünki hazırki mərhələdə regionda yeni və daha təhlükəli konfliktin yaranmasına maraq yoxdur. Həm region ölkələrində, həm də regionda ciddi maraqları olan güclərdə. Bəs o zaman səbəb nə idi?!

Səbəbləri dediyim kimi qlobal siyasətdə axtarmaq lazımıdır. Beynəlxalq aləmdə pandemiyadan sonra, baş verən ən önəmli hadisə hansıdır? ABŞ-da prezident seçkiləri. Seçkilərdə Amerika tarixində qalib gələn prezidentliyə ən yaşlı namizəd C.Bayden oldu. Sual ola bilər ki, bunun mövzumuzla nə əlaqəsi var? Var.

Özünün imperialist siyasətinə Trampın dörd illik hakimiyyəti dövründə bəzi dəyişikliklər üçün fasilə verən ABŞ, yeni qlobal siyasi və hərbi əməliyyatlara başlayır. Əsas hədəf isə, "iki qoçun başı bir qazanda qaynamaz" prizmasından baxanda hər növbəti gündə ABŞ-a yeni təhlükə yaradan Çindir. Çünki, hələ qərbin fatehlərindən biri olan Napoleonun yatmış şir hesab etdiyi Çini oyatmağın vaxtının gəldiyini düşünən ABŞ artıq onu oyadıb. Məhz elə buna görə də, Cozef Baydenlə birlikdə vitse-prezident vəzifəsinə Hindistan əsilli Kamala Harris seçildi. Hindistan əhalisi onların qələbəsini bayram da etmişdi. Bundan başqa müasir dövrdə ilk dəfə ABŞ-da prezident seçkilərinin gedişatı ilə bağlı ciddi ittihamların səsləndirilməsini də, hazırki şəraitdə heç bir zərurət olmadan Türkiyəyə qarşı sanksiyanı gündəmə gətirməyi də, gələcəkdə siyasi manevr ehtimallarına hesablandığını düşünürəm.

Bütün bunlar onu deməyə əsas verir ki, növbəti ildən ABŞ-la Hindistan arasında ciddi yaxınlıq gözlənilir. Burada ABŞ-ın məqsədi, heç də əhali baxımından Çinlə yarışa girə biləcək yeganə ölkə kimi Hindistanın, böyük bir qismi səfalət içində olan bir milyard yarımlıq əhalisinin güzəranını yaxşılaşdırmaq deyil. Əksinə, məqsəd postpandemiya dövrünə bütün dünya kimi ciddi iqtisadi böhranla daxil olacaq Hindistanın bu vəziyyətindən, elə onun özünün də əzəli rəqiblərindən biri olan Çinə qarşı maksimum istifadə etməkdir.

Bütün dünyanı ciddi iqtisadi böhranla üz-üzə qoyan Pandemiyadan ən çox zərərə uğrayan da, dünyanın istehsal maşını olan Çindir. Pandemiya başlanarkən virusun yayılmasında Çinin maraqlı oluğu ilə bağlı informasiyaları yayan qərb ölkələri bunu nə ilə izah edirdilər?
Guya ucuz işçi quvvəsinin çoxluğuna görə, dünyaca məşhur olan bütün brendlərin istehsal müəssisələrinin yerləşdiyi Çində həmin şirkətlərin səhmlərinin qiymətlərində fantastik ucuzlaşma baş verdi. Bundan istifadə edən Çin dövləti çox ucuz qiymətə həmin səhmlərə sahib oldu. Hətta bu iddia real olsa belə, həlli mümkün olmayan problem deyil. Elə ucuz işçi quvvəsinin bol oluğu Hindistana verilən ən böyük vədlərdən biri də, həmin istehsal müəssisələrinin onun ərazisinə köçürülməsi olmazdımı? Bu zaman Çinin əldə etdiyi həmin səhmlər sadəcə kağız parçasından başqa bir şey hesab olunmur.

Burada Z.Bjezinskinin təsvir etdiyi Böyük şahmat taxtasında siyasi kombinasiyalar aktivləşir. Çinə qarşı ABŞ-la Hindistanın ittifaqına böyük iqtisadi güc olan Yaponiya ilə yanaşı, Avropanın da dəstək olacağını düşünürəm. Çinin ən böyük təhlükə saçdığı, Çin və çinlilər üçün hazır yem olan Rusiya da, bu məsələdə ABŞ, Hindistan, Avropa və Yaponiya ittifaqında yer almağa çalışacaqdır. Tarixin ironiyasdır ki, "soyuq müharibə" dövründə Sovetlər Birliyini süquta uğratmaqda Çindən də mahircəsinə iatifadə edən ABŞ, indi də, elə SSRİ-nin hüquqi varisi olan Rusiyadan Çini məğlub etməkdə istifadə edir. Bu prosesdə o qədər də, ciddi rol oynayacağını düşünməsm də, qlobal səviyyədə əksər məsələlərdə ABŞ və Qərblə eyni mövqedən çıxış edən İsrailin də cəbhəsi məlumdur.

Maraqlı məqam İran, Pakistan və hazırda regional gücdən qlobal gücə keçmə mərhələsində olan Türkiyə ilə bağlıdır. Pakistanın mövqeyi Hindistana düşmən münasibətindən bəlli olsa da, hazırki məqamda vəziyyət bir az dəyişikdir. Bildiyimiz kimi, Hindistanla Pakistan əzəli düşməndir və bu məsələdə Hindistan ABŞ-la Çinə qarşı ittifaqa girirsə, avtomatik olaraq Pakistanın Çinlə yaxınlaşması baş vernəlidir.
Bundan başqa, ən az görüntü üçün də olsa, ABŞ-ın düşməni və uzun illər ərzində ciddi sanksiyalara məruz qoyduğu azsaylı dövlətlərdən biri olan İranın da, Pakistanın məntiqi ilə hərəkət edəcəyi anlaşılandır. Bunu, iqtisadi sanksiyaların məngənəsində boğularkən, onun heç bir dövlət tərəfindən alınmayan neft məhsullarını ucuz qiymətə də olsa almaqla ona dəstək göstərən Çinə İranın mənəvi borcu da hesab etmək olar. Ancaq, siyasət mənəvi borcdan daha çox iqtisadi borcları və maraqları qəbul edir.

ABŞ üçün Çini tərksilah etmək vacibdir və nəyin bahasına olur-olsun İranı və Pakistanı Çinə qarşı ittifaqa cəlb etmək və ya ən pis halda neytrallaşdırmaq lazımdır. Bu missiya da, hazırda Türkiyənin üzərinə qoyulub. Belə bir qlobal missiya ilə müqayisədə Fransanın və ya onun dəstək verdiyi Ermənistanın əhəmiyyəti qızmar yay günlərində hamının yadından çıxıb evin bir küncündə qalmış istilik sobasının əhəmiyyətinə bənzəyir.
Əzəli düşmən olan Rusiya ilə Türkiyənin yaxınlaşmasının əsas sirri də burdadır. Liviyada, Suriyada və hətta cənubi Qafqazda belə müvəqqəti də olsa, maraqların uzlaşdırılmasına nail olmağın da səbəbini bu amillə bağlayıram.

Hadisələrin bundan sonrakı gedişatı ilə bağlı mülahizələrimi də qeyd edim. 2020-ci ili dünya üçün cəhənnəmə çevirən pandemiyanın müəllifinin Çin olduğuna nail olan ABŞ, növbəti ildə bu virusun vaksinini hazırlayan və dünyanı şərdən xilas edən xeyir obrazında qəhrəman kimi zühur edəcək. Əgər ABŞ Allahlıq iddiasındadırsa, onun bu addımını da, "dərdi verən Allah dərmanını da verər" kimi qiymələndirmək olar. Başqa dövlətlər bu vaksini hazırlamağa nə qədər cəhd etsələr belə, hətta doğru vaksini tapsalar da bunun bir əhəmiyyətinin olacağına inanmıram.

Ən son olaraq qeyd edim ki, bu prosesdə Türkiyənin önəmli missiya daşımasının da spesifik əsasları vardır. İlk öncə Çinlə Türkiyənin yaxınlaşması ehtimalını demək olar ki, istisna edən türk əslli uyğurlarla bağlı problemdir. Məhz bu amilə görə, Türkiyənin özü də bu məsələdə ciddi olaraq maraqlıdır. Çünki, Türkiyənin də hər ehtimala qarşı Asiyanın cənub-qərbindən başlayaraq uzaq şimal-şərq ərazilərinə qədər uzanan türk əssli xalqlarla bağlı öz planları var.

Pakistanın prosesə cəlb olunması ehtimalı İranın razılığını almaqdan daha real görünür. Çünki, hələ Firdovsinin "Şahnamə" əsərində bəhs olunan İran Turan münasibətlərinin mövcud olduğu dövrlərdən başlayaraq, hətta islamı belə sünni və şiə məzhəblərinə ayırmaqla bu iki qövm barışmaz mövqe nümayiş etdirməkdədir. İstənilən halda İranın Türkiyənin yer alacağı cəbhənin əks istiqamətində mövqe tutacağını düşünsəm də, siyasətdə istənilən dəyişikliyin baş verə biləcəyini də nəzərə aımaq lazımdır. Hazırda İrana edilən təzyiqlərdə və məhz Türkiyənin vasitəsi ilə edilməsində əsas məqsəd də budur. İran Prezidentinin R.T.Ərdoğanın ünvanına söylədiyi müsbət xarakterli fikirləri hələ ki, qeyri-müəyyən olan vəziyyətin əksinə atılmış ilk addım hesab etmək olar. Qalan prosesləri izləməkdən başqa hələ ki, edə biləcəyimiz bir şey yoxdur.

Xəyal Bəşirov-politoloq
Xəbəri paylaş