Newscenter.az.20.12.2020. Cari ildə AMEA İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi tətqiqatlar nəticəsində bir sıra mühüm elmi nəticələr əldə edilib.
Newscenter.az-a daxil olan xəbərə görə, mühüm elmi nəticələrin əks olunduğu məqalələr Web of science”, “Scopus” kimi nüfuzlu elmi bazalara daxil olan tanınmış beynəlxalq jurnallarda nəşr olunub. Bu barədə institutun Elmi şurasının növbəti onlayn iclasında məlumat verilib.
Mühüm elmi nəticələr aşağıdakı kimidir:
1. Milli informasiya təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üçün yeni nəsil təhdidlərin aşkarlanması və qiymətləndirilməsi modelləri təklif olunub.
2. Mobil bulud resurslarının optimal paylanma infrastrukturunun sintezi üçün metod və alqoritmlər işlənilib.
3. Böyük həcmli verilənlərin (Big Data) intellektual analizi üçün konsensus çəkili klasterləşdirmə metodu və paralelləşdirilmiş k-means alqoritmi işlənilib.
4. Neft-qaz sənayesində mədən avadanlıqlarında qəzaların proqnozlaşdırılması üçün hibrid dərin neyron şəbəkə arxitekturları və müvafiq təlim alqoritmlər işlənilib.
5. Tibbi sosial media resurslarının kontent-statistik analizi əsasında həkim-pasiyent fəallığının qiymətləndirilməsi və səmərəli tibbi qərarların qəbulunu dəstəkləyən konseptual model təklif olunub.
6. Əhali rəylərinin intellektual analizi əsasında elektron dövlət xidmətlərinin vətəndaş məmnuniyyəti meyarına görə qiymətləndirilməsi üçün bir sıra metodlar işlənilib.
7. Proqram məhsullarının çoxmeyarlara görə seçilməsi, səmərəliliyinin artırılması və idarə olunmasının optimallaşdırılması üçün metodlar işlənilib.