Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Media sahəsində edilən qanunsuzluqlar dövlətimizə maddi və mənəvi zərbələr vurub



Newscenter.az.14.01.2021. Prezident İlham Əliyev 12 yanvar tarixində Medianın İnkişafı Agentliyinin yaradılması barədə fərman verdi. Böyük ehtimalla, yaxın zamanlarda Media haqqında qanunun qəbul edilməsi də reallaşacaq. Dövlət başçısının hazırki həssas dönəmdə bu addımı hansı zərurətdən qaynaqlanır?

Təxminən bir il əvvələ qədər, Avropada olan özlərini siyasi blogger adlandırıb, əslində isə söyüş broylerləri olanlar çox aktiv idilər. Təəccüblüsü onların mövcudluğu ilə bağlı deyildi, təəssüflər olsun ki, Azərbaycanda bu cür sapı özümüzdən olan baltalar çox olub.
Təəccüblüsü o idi ki, onların ölkəmizdən olan izləyicilərinin sayı gündən-günə artırdı. Bəs bunun səbəbi nə idi? O qədər maraqlı və cəlbedicimi danışırdılar? Və yaxud dərhal cəmiyyətinizin və insanlarımızın mövcud problemlərini onlayn formada həll edirdirlər?

Xeyr, əsla yox! Əksinə xaqlımızın milli-mənəvi dəyərləri ilə daban-dabana zidd olan ifadələr işlətməklə, özlərinə qarşı nifrətin miqyasını daha da artırırdılar. İnformasiya əsrinin bir aksioması var, reklamın pisi və ya yaxşısı yoxdur, əsas odur ki, reklamın getsin. Söyüş broylerləri mal və məhsullara aid olan bu tendensiyanı öz şəxsiyyətlərinə transformasiya etməkdə idilər. Onları maraqlandıran yalnız və yalnız izləmə və bəyənmə sayları idi.

Ancaq, nə qədər ikrah doğursalar da, onlara ölkəmizdən baxış sayı artırdı. Çünki, ölkədə media sahəsindəki məsul şəxslər də, özlərinin yarıtmaz və yalnız şəxsi maraqlarına xidmət edən fəaliyyətləri ilə onlara yardımçı olurdular. Dövlət büdcəsindən ayrılan böyük vəsaitləri qanunsuz olaraq mənimsəyirdilər. Nəticədə ölkə mediasında, televiziyalarında, saytlarında baxılmayan və oxunmayan mövzular bir-birini əvəz etməkdə idi. Ölü vəziyyətində olan qəzetlərdən və radiolardan heç danışmağa dəyməz. Bu cür şəraitdə Azərbaycan izləyicisinin və dinləyicisinin Afrika kanallarında belə, daha maraqlı götüntülər və məlumatlar tapması inandırıcı idi.

Yaşadığımız informasiya erasında, erməni kimi saxta informasiya istehsalı üzrə tayı bərabəri olmayan düşmənimiz də var. Belə bir şəraitdə ölkə mediasına rəhbərlik edən şəxslərin mediamıza göstərdikləri laqeyd münasibət dövlətə qarşı ən böyük xəyanətdir. Ayrılan milyonlarla pulu mənimsəmələrinin məsuliyyəti bu qədər həssas mövzuya laqeydliklərinin yanında bir zərrədir! Bununla belə, həmin köhnə şəbəkənin bu sahədəki fəaliyyəti daha ciddi araşdırılmalı və ona qiymət verilməlidir.

Çünki, biz bu 44 günlük müharibə dövründə və ondan sonrakı proseslərdə medianın gücünə olan ehtiyacımızı hiss etdik. Məhz bu səbəbdəndir ki, ölkə başçısı bu addımın atılmasına zərurət duydu. Düşünürəm ki, bundan sonrakı amansız informasiya mübarizəsində mediamızdan düzgün istifadə edə biləcəyik. Media siyasətimizi düzgün istiqamətdə yürüdüb həm ermənilərin saxta informasiya istehsalı maşınını, həm də söyüş broylerləri kimi bir çox ziyanverici quvvələri zərərsizləşdirə biləcəyik!

Xəyal Bəşirov-siyasi ekspert
Xəbəri paylaş