Newscenter.az.14.01.2021. Adı dillər əzbəri olan KİVDF ləğv olundu, əvəzində Medianın İnkişafı Agentliyi yaradıldı. Bununla əlaqədar Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Sözügedən fərmana əsasən, Medianın İnkişafı Agentliyi publik hüquqi şəxs yaradılıb.
Prezidentin bu addımı gözlənilən idi və günün zərurətindən doğub. Zərurət isə ölkədə gedən islahatlar prosesindən doğur. Bu mənada, yeni Agentliyin yaradılması media islahatlarının yeni mərhələsidir və bütövlükdə ölkədə aparılan çoxşaxəli islahatlar prosesinin tərkib hissəsidir. Mətbuat sahəsində xüsusilə ciddi islahatlara ehtiyac vardı. Çünki KİVDF məlum səbəblər üzündən həqiqətən də ölkə KİV-lərinin inkişafını əngəlləyən bir quruma, "monstr"a çevrilmişdi. Bu heç kimə sirr deyil.
Yeni agentliyin yaradılmasına Prezident səviyyəsində start verilməsi Azərbaycanda daha işlək və müasir media sistemi yaratmaq məqsədini güdür. Ölkə başçısı bu fərmanı imzalamaqla medianın əhəmiyyətini nəzərə aldığını göstərir və eyni zamanda bu sahənin inkişafına diqqət və qayğısını əsirgəmədiyini nümayiş etdirir. 44 günlük İkinci Qarabağ müharibəsindən qalib çıxan yeni Azərbaycanın yeni media fəlsəfəsinə, çevik media siyasətinə ehtiyac var. Medianın İnkişafı Agentliyi məhz bu siyasəti formalaşdıracaq.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri