Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Övladlar qanunsuzluq edən atalarına niyə mane olmurlar?



Newscenter.az.15.01.2021. İki gündür cəmiyyətimizdə belə fikirlər yayılmaqdadır ki, törətdikləri cinayətlərə görə həbs olunan məmurların övladları məsuliyyət daşımamalıdır. Daşıdıqları vəzifədən məhrum edilməməlidir və s.

Təbii ki, Azərbaycan hüquqi dövlətdir və hər bir şəxs törətdiyi əmələ görə özü cavab verməlidir. Məhz, elə buna görə idi ki, bizdə cinayət törətməkdə şübhəli bilindiklərinə görə həbs olunan Ağstafanın və İmişlinin icra hakimiyyəti başçılarının övladları yenidən müxtəlif vəzifələrə təyin olundular. Müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılmaları və bir müddət araşdırmalardan sonra başqa vəzifələrə təyin olunmaları normaldır. Çünki, həmin şəxslərin də, atalarının müxtəlif qanunsuz əməllərində iştirak edib-etməmələri ciddi araşdırılmalı idi.
Mən də, hansısa şəxsin qanunsuz əməllərinə görə digərlərinin, o cümlədən də, övladlarının məsuliyyət daşımalarının tərəfdarı deyiləm və bunu ədalətsizlik hesab edirəm. Ancaq, bir şeyi də nəzərə almaq lazımdır ki, bir məmurun qanunsuzluqlarının yüzlərlələ və bəzən minlərlə qurbanı olur. Belə qanunsuzluqlar edəndə həmin məmur kimlərinsə övladını, ailəsini düşünmür ki, o da həbs olunanda öz övladının düşünülməsini kimdənsə tələb etsin.

Övladları da, əgər yetkinlik yaşlarına çatıblarsa, xüsusilə də, cinayətkarlıqla mübarizə aparan bir qurumun əməkdaşlarıdırlarsa, ən azından atalarının etdikləri qanunsuzluqlara müxtəlif formalarda qarşı çıxa bilərdilər. Beləliklə də, vəziyyətin həbs mərhələsinə gəlib çıxmasının qarşısının alınmasına səbəb olacaqdılar.

Hələ onu da nəzərə almaq lazımdır ki, bilavasitə atalarının vəzifələrinə və mövqelərinə görə vəzifədə irəliləyən övladlar da vardır. Həm də, belə hadisələrin şahidi olan digər övladlar, bəlkə də, bundan sonra ataları və digər qohumları vəzifədə qanunsuzluq edəndə onlara qarşı çıxacaqlar. Heç olmasa cəmiyyət üçün olmasa da, özləri gələcəkdə onların elədiklərinin mənfi nəticələrindən zərər çəkməmələri üçün onlara mane olacaqlar.

Təbii ki, bu bizim kimi, ayrı-ayrı insanların düşüncələridir və dövlət belə düşünə bilməz. Çünki, dövlət bütün vətəndaşlara övladları kimi baxır və onları ayırmır. Uca Tanrı dövlətimizi bütün pisliklərdən, o cümlədən də, korrupsiya və qanunsuzluqlardan qorusun!

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş