Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qalib dövlətin başçısının Şuşaya səfəri bütün dünyaya ciddi mesajdır



Newscenter.az.16.01.2021. Müzəfər Ali Baş Komandan, Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın Şuşa şəhərinə səfəri tarixi hadisədir. Qalib dövlətin başçısının Şuşaya səfəri bütün dünyaya, o cümlədən 30 ilə yaxın bu torpağı işğal altında saxlamış ermənilərə ciddi mesajdır.

Vaxtilə Ümummilli Liderimiz Heydər Əliyev, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” demişdi. Bu gün cənab İlham Əliyev və Mehriban xanım Əliyeva bu müqəddəs torpağa ayaq basmaqla Ulu Öndərimizin ruhunu şad etdi.

Cənab Prezident hər zaman çıxışlarında demişdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Bu çox önəmli bir mesaj idi və bugünkü gün biz buna nail olmuşuq. Biz eyni zamanda, Şuşanın yenidən təkcə Azərbaycanın yox, Qafqazın incisinə çevirəcəyimizin mesajını dünyaya veririk.
Şuşa əsrlərboyu qədim mədəniyyətin beşiyi, Qarabağın incisi olub. Təsadüfi deyil ki, Şuşanı "Şərqin konservatoriyası" adlandırırlar. Bu müqəddəs torpaq Azərbaycana bir çox görkəmli sənətkarlar, mədəniyyət, incəsət xadimləri, pedaqoqlar, alimlər bəxş edib. Şuşa həm də mərdlik, cəsarət, hünər, qəhrəmanlıq rəmzidir.

Bu səfər zamanı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, korifey sənətkarımız Bülbülün və xan qızı Natəvanın abidələri Şuşa şəhərində abidələri bərpa olundu. Vaxtilə işğal altına olan bu abidələr düşmən gülləsi ilə dəlik-dəlik edilmişdi. Bu abidələr Bakıya gətirələrək xarici qonaqlara nümayiş etdirilirdi ki, erməni vandalizmini görsünlər. Bu gün isə həmin abidələr məxsus olduğu Şuşaya qaytarıldı. Əminəm ki, dahi Üzeyirin, Bülbülün, xan qızı Natəvanın ruhları şaddır.

Artıq Şuşanın bərpası prosesinə başlanılıb. Bir şuşalı kimi inanıram ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə doğma Şuşamız özünün şöhrətini qaytaracaq, regionun, dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Yenə İsa bulağı, Cıdır düzü öz məclisləri ilə göz oxşayacaq, Şuşa şairlərimizin, yazıçılarımızın ədəbi-bədii tədbirlərinin keçirildiyi məkana çevriləcək...
Cənab Prezidentin qeyd etdiyi kimi, “Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”.

Fatma Yıldırım-Milli Məclisin deputatı
Xəbəri paylaş