Newscenter.az.16.01.2021. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) son günlər sosial şəbəkələrdə yeni növ koronovirus infeksiyası ilə mübarizə məqsədilə tətbiq ediləcək vaksinlərin təhlükəli olması və postvaksional ağırlaşmalara, ölüm hallarına görə kompensasiya veriləcəyi ilə bağlı iddialara aydınlıq gətirib.
Qurumdan həmin şayiələrin həqiqəti əks etdirmədiyi bildirilib.
Qeyd olunub ki, TƏBİB tərəfindən bununla bağlı hər hansı açıqlama verilməyib: "Ümumiyyətlə, sözügedən məsələlərin tənzimlənməsi qurumun səlahiyyətlərinə aid deyil.
Qeyd olunmalıdır ki, bu günədək Azərbaycanda hər hansı vaksinlə əlaqəli fəsadın yaranması və ölümə səbəb olması faktı qeydə alınmayıb. İnsanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiq edilməsi nəticəsində xilas olublar. Yeni növ koronavirus infeksiyasına qarşı peyvəndə gəldikdə isə bir daha bildirmək istərdik ki, 3-cü klinik fazanı keçən bütün vaksinlərin təhlükəsizliyi və effektivliyi yüksək qiymətləndirilir.
Əhali arasında yayılan, vaksindən sonra mümkün ola biləcək- baş ağrısı, əzələ ağrısı, qızdırma və s.kimi əlamətlər əks göstəriş deyil, əksinə gözlənilən nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir. Vaksin istehsal edən şirkətlər tərəfindən yalnız vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.
Deyilənləri nəzərə alaraq, vətəndaşlarımızdan yalnız rəsmi məlumatlara inanmağı xahiş edir, ayrı-ayrı şəxslərdən isə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik. Pandemiya ilə mübarizə dövlətimizin təhlükəsizlik məsələsidir və ümid edirik ki, həmrəyliyimiz nəticəsində bu mübarizədə də qalib olacağıq".