Newscenter.az.22.01.2021. Ölkəmizin aparıcı gənclər təşkilatları beynəlxalq təşkilatlarla əməkdaşlığın daha da inkişafı və Azərbaycan gənclərinin nüfuzlu təşkilatlarda təmsilçiliyinin artırılması istiqamətində daha intensiv fəaliyyətə başlayır.
Məlumdur ki, 44 günlük müharibə dövründə bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın haqq mübarizəsinə kölgə salan bəyanatlar dərc etdi. Ölkəmizin əleyhinə dərc olunmuş bəyanatlar Azərbaycanın şanlı qələbəsinin qarşısını ala bilməsə də, beynəlxalq təşkilatlarda Azərbaycan gənclərinin təmsilçiliyinin genişləndirilməsinin vacibliyini bir daha nümayiş etdirmiş oldu.
Newscenter.az xəbər verir ki, bu məqsədlə Azərbaycanın ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə gənclər təşkilatlarının nümayəndələri üçün 21 yanvar 2021-ci il tarixində “Gənclər təşkilatlarının beynəlxalq təşkilatlarla əlaqələrinin gücləndirilməsi” mövzusunda onlayn vebinar keçirildi. 50-dən çox gənclər təşkilatları nümayəndəsinin iştirak etdiyi vebinarda Dünya Skautlarının İdarə Heyətinin üzvü İlyas İsmayıllı gənclər təşkilatları nümayəndələrinin beynəlxalq təşkilatlarda təmsil olunması və əlaqələrin qurulması ilə bağlı öz təcrübəsini bölüşdü.
NAYORA-nın sədri Azər Əliyev çıxışı zamanı beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin qurulması vacibliyinə toxunaraq, gənclər təşkilatlarının nümayəndələrini bu istiqamətdə daha fəal olmağa səslədi.
Vebinarın sonunda iştirakçıların sualları cavablandırıldı və mövzu ilə bağlı müzakirələr aparıldı.
Qeyd edək ki, Gənclər Təşkilatları Milli Şurasının əsas məqsədi öz tərkibinə daxil olan gənclər təşkilatlarının fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün şərait yaratmaq, üzv təşkilatların milli, regional və beynəlxalq səviyyədə maraqlarının həyata keçirilməsinə çalışmaq, gənclərin problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində birgə iş aparmaq, gənclər və onların təşkilatları arasında ümummilli məsələlərin həllində həmrəyliyə nail olmaqdır. NAYORA öz fəaliyyətində gənclərin bilik və bacarığının Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik dövlət quruculuğu işlərinə yönəltməyi özünün əsas vəzifəsi hesab edir.
Sevinc