Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qastronomiya turizminin inkişafı üçün “Milli dadlar” konsepsiyası hazırlanır



Newscenter.az.22.01.2021. Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizdə qastronomiya turizminin inkişafı üçün “Milli dadlar” konsepsiyasının hazırlanması işinə start verilib.

Newscenter.az-a Dövlət Turizm Agentliyindən bildirilib ki, layihənin əsas məqsədi qastronomiya turizminin inkişafına nail olmaq, tarixi milli mətbəx nümunələrinə, onların hazırlanma və təqdim edilmə ənənələrinə yenidən həyat verib, yerli və əcnəbi turistlərə çatdırılmasına dəstək verməkdir.

Azərbaycan Turizm Bürosu unudulmuş və ya unudulmaq təhlükəsi olan milli mətbəximizə məxsus nümunələrin vahid mənbədə toplanması işinə dəstək verilməsi üçün “millidadlar.az” onlayn portalını təqdim edir.

Azərbaycan Turizm Bürosu bu sahədə məlumatlı olan hər kəsi portalda qeyd edilən qısa suallara cavab verməklə ölkəmizin milli mətbəx nümunələrinin, qastronomiya ənənələrimizin qorunub saxlanılması və beynəlxalq tanıdılması işinə dəstək olmağa çağırır.

Bir il davam etməsi nəzərdə tutulan layihənin yekununda “Milli dadlar" konsepsiyası ictimaiyyətə təqdim ediləcək.

Layihə çərçivəsində ölkəmizin zəngin kulinariya potensialının dərin etnoqrafik köklərə malik olması nəzərə alınaraq Bakı-Abşeron, Quba-Qusar, Şəki-Zaqatala, Cənub regionu, Naxçıvan Muxtar Respublikası, Gəncə-Qazax, Qarabağ, Dağlıq Şirvan, Kəlbəcər-Laçın və Aran bölgələrindən olan milli mətbəxə məxsus müxtəlif nümunələr haqqında məlumatlar toplanılıb. Elmi materiallardan və birbaşa yerli əhalidən əldə olunan informasiyalar əsasında Azərbaycan üzrə 900 ədəd nümunə pasportun işlənib hazırlanması nəzərdə tutulur.

Nümunə pasportda qida və inqrediyentin tərkib hissələri və görünüşü kimi məlumatlarla yanaşı, onun mədəni, tarixi, müalicəvi əhəmiyyəti və turizm marketinqi istiqamətində uyğunluğunun qeyd edilməsi nəzərdə tutulub.

Sevinc
Xəbəri paylaş