Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İaşə və xidmət sahələrinin fəaliyyətə başlaması ilə əlaqədar “Azərsu” ASC-ya müraciətlərin sayı çoxalıb



Newscenter.az.25.01.2021. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 25 yanvar 2021-ci il tarixindən etibarən ölkə ərazisində ticarət obyektlərinin (iri ticarət mərkəzlərinin fəaliyyəti və ictimai iaşə obyektlərində müştərilərə yerində xidmət istisna olmaqla), bərbərxanaların, gözəllik salonlarının və bəzi digər xidmət sahələrinin fəaliyyəti bərpa edilib. Adıçəkilən ictimai-iaşə və xidmət sahələrinin fəaliyyətə başlaması ilə əlaqədar “Azərsu” ASC-nin 955 Zəng Mərkəzinə smart kart tipli sayğaclarla bağlı müraciətlərin sayı çoxalıb.

Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, smart kart tipli sayğaclardan 25 gün ərzində su keçmədikdə sayğacın klapanı avtomatik bağlanır. Belə sayğacların yenidən işlək vəziyyətə gətirilməsi üçün “Azərsu” ASC-nin əməkdaşlarının həmin ünvana getməsi və xüsusi servis kartları ilə sayğacı işlək vəziyyətə gətirməsi tələb olunur. Artan müraciətlərin operativ həlli məqsədilə tərəfimizdən əlavə işçi qüvvəsi cəlb edilib və abonentlərin qarşılaşdığı problemlərin operativ həlli üçün digər lazımi tədbirlər görülür.

“Azərsu” ASC abonentlərin nəzərinə çatdırır ki, qeyd edilən məsələ ilə bağlı sayğacların işlək vəziyyətə gətirilməsi (koddan çıxarılması) növbəlilik prinsipi ilə həyata keçirilir. Müraciətlərin çox olması səbəbindən əməkdaşlarımızın sifariş daxil olmuş ünvanlara getməsi müəyyən vaxt apara bilir. Bunları nəzərə alıb abonentlərimizin belə halları anlayışla qəbul etməsini xahiş edirik.

Anar
Xəbəri paylaş