Newscenter.az.28.01.2021. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov cari tədris ilində yüksək nəticə göstərərək Ali Məktəbə qəbul olan Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib.
Newscenter.az-a təhsil ocağından daxil olan məlumata görə, Elmar Qasımov tələbələri təbrik edərək bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 29 oktyabr, 2020-ci il tarixli Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 22 tələbəsi Prezident təqaüdünə layiq görülüb.
O bildirib ki, bu ali təqaüd tələbələrin istər təhsil həyatında, istərsə də gələcək karyeraralarında həlledici rol oynayacaq.
“22 Prezident təqaüdçüsündən 11 nəfər BANM-in “İnformasiya təhlükəsizliyi” ixtisasını, 10 nəfər “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasını, 1 nəfər “Kimya mühəndisliyi” ixtisasını seçib. BANM Prezident təqaüdçülərinin sayına görə Respublika ali məktəbləri içərisində II yerdə qərarlaşıb, I ixrisas qrupu üzrə isə liderdir”.
Ali Məktəbin Prezident təqaüdçülərinin ümumi sayının 172 nəfərə çatdığını bildirən rektor bu tədris ilində BANM-in Prezident təqaüdçülərinin ən minimal balının 683.9 bal olduğunu vurğulayıb.
Tələbələrə həm təhsildə, həm həyatda, həm də gələcək karyeralarında yeni uğurlar arzulayan E.Qasımov Azərbaycanın intellektual gənclərinin məhz BANM-i seçməsini qürüverici hal kimi dəyərləndirib.
Rektor həmçinin tələbələrə bilik və sosial bacarıqlarının daim artırmalarını tövsiyə edib. Daha sonra tələbələrlə dərslərin gediştı, imtahanlara hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
R.Mehdiyeva