Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həmsədrlər regiona niyə gəlir?



Newscenter.az.29.01.2021
. “ATƏT-in Minsk qrupunun həmsədrləri regiona növbəti səfərə gəlir. Bu səfərdə əsas məqsəd Qarabağın statusunu müzakirə etmək və ermənilərə müstəqillik məsələsini gündəliyə çıxarmaqdan ibarətdir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. Onun sözlərinə görə, Azərbaycan demək olar ki, prosesləri öz lehinə dəyişib və Minsk qrupunun fəaliyyətinə ehtiyac görməməlidir:

“Bu məsələ Bakı-Ankara və Moskva formatında davam edir. Qarabağdakı, Rusiyanın sülhməramli qüvvələrinin təsir zonasında proseslər həmsədrlərlə deyil, Rusiya ilə müzakirə edilməlidir. Ümumiyyətlə artıq heç bir həll variantları yoxdur və buna da ehtiyac qalmayıb. Müharibəyə qədər "Madrid prinsipləri" işğal olunmuş rayonların boşaldılması qarşılığında Qarabağa müəyyən status verilməsini özündə ehtiva edirdi. Azərbaycan bu məsələni özü həll edib. Ermənistan rəhbərliyi və həmsədrlər yenidən "Madrid prinsiplərinə" qayıtmaq üçün çalışır. Ümumiyyətlə Minsk qrupu gəlib nəyi həll etməlidir?! Həmsədrlər gəlib ermənilərə deyəcək ki, Azərbaycanın tərkibinə qatılın və dinc yaşayın?. Qəti surətdə belə bir təklif onlara olunmayacaq. Azərbaycana gəlib deyəcəklər ki, ordakı ermənilerə status verin. Basqa alternativləri yoxdur”. Məhəmməd Əsədullazadə qeyd edib ki, onsuzda Azərbaycan ermənilərə öz ərazisində daima status verməyə hazır olub: “Amma, həmsədrlər belə bir status deyil, münaqişənin davam etməsi, ermənilərin Azərbaycana qarşı körüklənməsinə rəvac verməyə gəlirlər”.

Politoloqun sözlərinə görə, regionda ABŞ və Fransa Qarabağ məsələsini yenidən gündəliyə çıxarmaqla, prosesdən kənarda qalmamaq siyasətini ortaya qoyurlar:

“Rusiya da həmsədrlərin regiona gəlib, status məsələsini qaldırmaqlarında maraqlıdır. Ona görə də 50 mindən artıq ermənini Qarabağda yerləşdirməklə, məhz gələcək perspektivdə referenduma hazırlaşır. Həmsədrlər məhz danışıqlar aparmaqla siyasi zəmin hazırlamaq planına malikdir. Minsk qrupunun fəaliyyəti Azərbaycan və Ermənistan arasında gələcək perspektivdə yeni münaqişəyə yol açmaq, sülh və təhlükəsizliyi təhdid etməyə hesablanıb. Ona görə də birtərəfli şəkildə bu formatdan çıxmaq lazımdır. Qeyd edim ki, həmsədrlər Xankəndiyə gedəcəklərsə, bu da separtizmə dəstək kimi qiymətləndirilməlidir. Xankəndiyə səfəri Ermənistan tərəfdən Laçın dəhlizindən edəcəklərsə, bu münaqişənin davam etdiyi mesajını verməkdir. İqtidar həmsədrlərin Ermənistan ərazisindən Azərbaycan ərazisinə səfərini qanunsuz elan etməlidir”.

Politoloqun sözlərinə görə, ABŞ və Fransa çalışır ki, Türkiyəni prosesdən kənarlaşdırsın:

“Azərbaycana qarşı bundan sonra da siyasi təzyiqlərin olacağı gözlənilir. Amma, bu siyasi təzyiqlər nəticə verməyəcək. Birmənalı şəkildə bu proses Azərbaycanın suverenliyinə təhdiddir. Ona görə də Laçın Dəhlizində nə qədər ki, nəzarətimiz yoxdursa, bu problemler davam edəcək. Buna son vermək üçün Türkiyə ilə birgə çalışmaq, ABŞ və Fransaya artıq bu məsələ Azərbaycanın daxili işidir mesajını vermək lazımdır”.

Mehman
Xəbəri paylaş