Newscenter.az.29.01.2021. “Qəbul imtahanları üçün bir sıra mövzular ixtisar edilib. Tarix fənni üzrə proqrama isə “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)” mövzusu daxil edilib”.
Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.
DİM sədri bildirib ki, bu mövzu hələlik dərsliklərə daxil edilməyib:
“Bunu nəzərə alaraq, mövzu ilə bağlı mətn “Abituriyent” jurnalının ikinci sayında dərc olunacaq. İmtahanda həmin mətn üzrə tapşırıqlardan istifadə olunacaq”.
O qeyd edib ki, bu il tarix fənni üzrə qəbul imtahanı proqramına “Vətən müharibəsi”nə aid mövzular da daxil ediləcək:
"Müəyyən məsələlərin dərsliklərdə öz əksini tapması obyektiv səbəblərdən gecikə bilər. Yeni dərsliklərin istifadəyə verilməsi zaman alır. Ona görə də, biz Vətən müharibəsinə aid mövzuların “Abituriyent” 1 jurnalında, həmin mövzulara aid məqalələrin isə “Abituriyent” 2 jurnalında dərc edəcəyik. Abituriyentlər bu yazılarla tanış olmalıdırlar. Qəbul imtahanlarında tarix fənni üzrə test blokuna jurnalda olan məqalələr əsasında hazırlanmış test tapşırıqları da daxil ediləcək".