Newscenter.az.30.01.2021. Vətən müharibəsinin Bakının Qaradağ rayonundakı ümumşəhər qəbristanlığında dəfn olunmuş 18 şəhidinin məzarı Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanına köçürülüb.
“Report” xəbər verir ki, şəhidlərin məzarların yerlərinin dəyişdirilməsi ilə bağlı onların ailə üzvlərinin müraciətləri araşdırılıb və problem həllini tapıb.
Qeyd edilir ki, bu məsələ ilə əlaqədar yekun qərarın qəbulu vaxtının uzanması bəzi şəhid ailələrinin övladlarının məzarlarının yerinin dəyişdirilməsi istəyi, habelə əksəriyyət təşkil edən digər ailələrin övladlarının məzarlarının həmin qəbirstanlıqda qalmasına razılıq verməsi ilə bağlıdır.
Bu gün aidiyyəti orqanların nümayəndələrinin şəhid ailələrinin üzvləri ilə daha bir görüşü keçirilib. Görüş zamanı şəhid ailələrinin məzarların yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınmaqla müvafiq qərar qəbul olunub.
Qərara əsasən Vətən müharibəsinin ümumşəhər qəbirstanlığında dəfn olunmuş 18 şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.
Qeyd edək ki, məzarların Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülməsi şəhidlərin ailə üzvlərinin və din xadimlərinin iştirakı ilə həyata keçirilib.