Newscenter.az.30.01.2021. Tarixə Vətən müharibəsi kimi düşən ikinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatdı və torpaqlarımız 44 gün ərzində işğaldan azad edildi.
Newscenter.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu ilə görüşündə bildirib.
Vətən müharibəsinin Azərbaycanın parlaq qələbəsi ilə sona çatmasında Türkiyənin mənəvi dəstəyinin böyük rol oynadığını xüsusi vurğulayan Müdafiə naziri Türkiyənin dövlət rəhbərliyinə və xalqına minnətdarlığını ifadə edib.
Müdafiə naziri ümidvar olduğunu bildirib ki, Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi səmərəli fəaliyyət göstərərək əldə olunan razılaşmaların icrasına nəzarət edəcək və regionda uzunmüddətli sülhün təmin edilməsinə töhfə verəcək.