Newscenter.az.31.01.2021. Bu gün Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) qurucularından biri Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli və digər fədakar oğullarımızın sayəsində 1918-ci il mayn 28-də Şərqdə ilk demokratik dövlət qurulmuş, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın müstəqillik tarixinin başlanğıcı olmaqla milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmişdir.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etmişdir ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
M.Ə.Rəsulzadənin də inandığı kimi, milli bayrağın torpaqlara deyil, millətin vicdanına enmiş olduğunu, hər kəsin bu bayrağı ruhunda, qəlbində və bağrında mühafızə etməkdə olduğunu sübut etdi. Üçrəngli bayrağımız Ulu öndər Heydər Əliyevin Vətən sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başladı. Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi, daha sonra müstəqil Azərbaycan Respublikasının bayrağı oldu.
Ulu öndər Heydər Əliyev Rəsulzadə şəxsiyyətinə böyük hörmət nümayiş etdirmiş, doğma münasibət sərgilmişdir. Ümummilli lider Türkiyəyə səfər edərkən Rəzulzadənin məzarını ziyarət edib, ona olan ehtiramını nümayiş etdirib. Heydər Əliyev qeyd etmişdir ki, Azərbaycanın dövlətçilik tarixinin əhəmiyyətli mərhələsini təşkil edən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Cümhuriyyət liderlərinin Azərbaycan xalqı qarşısında xidmətləri müasir Azərbaycan Respublikası üçün qürur mənbəyidir.
Xalq Cümhuriyyətinin yaranmasının 80 illiyi məhz Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq dövlət səviyyəsində geniş qeyd olunmuşdur.
Prezident İlham Əliyev bildirib ki, “Rəzulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir”.
Cənab Prezidentin Məmməd Əmin Rəsulzadəyə dərin hörmət və ehtitamın nümunəsi kimi Onun 130 illik yubileyi 2013-cü ildə dövlət səviyyəsində qeyd edilib, silsilə tədbirlər keçirilib. Prezident İlham Əliyevin Xalq Cümhuriyyətinin tariximizdə tutduğu yerə, Cümhuriyyət liderlərinə verdiyi böyük qiymətin bariz nümunələrindən biri də - Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin binasının yanında İstiqlaliyyət abidəsinin ucaldılması, Azərbaycanın üçrəngli bayrağının şərəfinə Bayraq Meydanının inşasıdır.
Cənab İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncam imzalanmış və bu əlamətdar tarixi hadisə münasibətilə 2018-ci il respublikamızda "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan olunaraq ölkədə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilmişdir. Bütün bunlar Cümhuriyyət tarixinə, onun liderlərinin xidmətlərinə verilən böyük qiymətdir, dövlət başçımızın tariximizin öyrənilməsinə ayırdığı diqqət və qayğının bariz nümunəsidir.
Ancaq nədənsə bəzi qüvvələr, AXC-Müsavat cütlüyü Məmməd Əmin Rəsulzadəni sanki inhisarlaşdıraraq öz liderləri hesab edir, dahi şəxsiyyətin adından manipulyasiya etməyə çalışırlar. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Rəsulzadə şəxsiyyətinə böyük ehtitamı bu qüvvələrin qısqanclığına səbəb olur.
Müasir müstəqil Azərbaycan Respublikasının varisidir. Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövləti son illərdə böyük inkişaf yolu keçmiş, hazırda Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha yeni misilsiz uğurlara imza atmaqdadır.
Vaqif Abdullayev-sabiq deputat, siyasi elmlər doktoru, professor