Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bir əsr sonra Türkiyəni Qafqaza gətirən Mərkəz



Newscenter.az.1.02.2021. 30 yanvar tarixindən Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı oldu və mərkəz rəsmən fəaliyyətə başladı. 10 noyabr tarixli Bəyanatdan sonra açılması nəzərdə tutulan və o vaxtdan geniş müzakirə predmetinə çevrilən mərkəz nəhayət ki, işə düşdü.

Bu mərkəz sülhün və təhlükəsizliyin tərəfdarı olan Azərbaycanın maraqlarına uyğun olsa da, Ermənistan tərəfini ciddi narahat edən məsələ idi. Çox təəssüflər olsun ki, bizim cəmiyyətdə də bu bəzilərinin təlaşına səbəb olmuşdu. Bu təlaşlarını birbaşa deyil, dolayı yolla ifadə edən həmin bəziləri, Mərkəzin sadəcə sənəddə mövcud olacağını və heç vaxt açılmayacağını iddia edirdilər. Ancaq bir daha göründü ki, Azərbaycan dövləti və onun rəhbəri xalqımızın və dövlətimizin maraqlarına xidmət edən bütün vədlərini reallaşdırmaqda davam edir.

Bu gün, Azərbaycan dövlətini zatən burada olan Rusiyanı, yenidən regiona gətirməkdə ittiham edənlər var. Həmin ittihamların cavabı, Rusiyada V.Putini yüz il sonra Türkiyənin yenə regiona qayıtmasına göz yummaqda ittiahm edənlərin arqumentlərindədir. Bəs, Ermənistan tərəfinin onun açılmasına qarşı bütün cəh və mübarizəsinə baxmayaraq fəaliyyətə başlayan mərkəz nələri dəyişəcək və reallaşdıracaq?!
-İlk öncə həmin mərkəz təyinatından da göründüyü kimi sülhə və təhlükəsizliyə riayət edilməsi məqsədilə yaradılır. Regionda işğala son qoyan Azərbaycan üçün hazırda ən önəmli məsələ sülh və təhlükəsizlikdir. Buradan aydın olur ki, həmin mərkəz, əsasən sülhə təhlükə olan ermənilərin fəaliyyətinə nəzarət edəcək. Elə Ermənistanın narahatçılığının arxasında duran əsas amil də budur.

-Digər tərəfdən bu mərkəz məntiqlə regionda sülhməramlı missiyasını üstlənmiş Rusiyanın da maraqlarına uyğundur. Çünki, 10 noyabrdan başlayaraq erməni tərəfinin müxtəlif təxribat xarakterli ərköyünlüklərinə son vermək tələbi üçün rus hərbçilərinə ciddi əsas verəcək. Artıq ruslar ermənilərin kaprizlərinə son qoymaq üçün türk faktorundan istifadə edəcəklər.

-Eyni zamanda, o ərazilərdə hələ də gizlənmiş erməni terrorçularının tərksilah edilməsi və qarşı tərəfə həmin şəxslərə hərbi əsir adını vermək cəhdləri alınmayacaq. Çünki, artıq bu prosesə dördüncü tərəf də nəzarət edəcək.

-Mərkəz həm də, rus sülhməramlılarının zaman zaman bizi təəssüfləndirən bəzi addımlarına nəzarət ilə bağlı da mühüm əhəmiyyət daşıyır. Belə ki, özlərinin missiyalarından Azərbaycanın maraq və mənafelərinə ziddiyyət daşıyacaq həddə kənara çıxmalarının qarşısı daha tez alınacaq. Yəni, daha sülhməramlılar xəritə çəkmək və əsassız toponimlər kəşf etməklə deyil, mövcud qanuni xəritələr əsasında öz missiyalarını həyata keçirməklə məşğul olacaqlar.

-Son olaraq onu da vurğulamaq lazımdır ki, bu mərkəz Rusiyanın digər yerlərdəki sülhməramlı missiyalarından əsas fərqlərindən biri olacaq. Həm də, bu mərkəzdə fəaliyyət göstərəcək türk hərbçilərinin ora gəlməsi ilə, yüz il sonra Türkiyə yenidən cənubi Qafqaza daxil olur. Bununla da, regionda yeni bir tarixi prosesin əsası qoyulur. Hər bir halda, arzu edək ki, xalqımıza, dövlətimizə və dövlətçiliyimizə xeyir və uğur gətirsin!

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş