Newscenter.az.5.02.2021. Bizim qələbəmizlə bitən müharibədən sonra baş verən proseslərə nəzər yetirdikdə çox maraqlı hadisələrin şahidi oluruq. Prezident azad edilmiş ərazilərlə yerində şəxsən tanış olur. Müxtəlif istiqamətlərdə ciddi mesajlar verir. Xüsusilə də, Şuşada konkret hədəflərə yönəlmiş ən dolğun və sərt fikirlər səsləndirilir.
Təbii ki, həmin prosesdə cəmiyyətin məlumatlandırıldığı və məlumatlandırılmadığı məqamlar var. Çünki, həmin səfərləri addım-addım təkcə bizim cəmiyyət deyil, regionu diqqət mərkəzində saxlayan dünya ilə yanaşı, düşmənlərimiz də, izləyir.
-Bəs özünün çıxışlarında Prezident İlham Əliyev həm daxili auditoriyaya, həm də beynəlxalq aləmə yönəlmiş ciddi mesajları ilə nələri demək istəyir?
-Niyə işğaldan azad edilmiş ərazilərdə məsul vəzifələrə gözlənildiyinin əksinə olaraq təyinatlarla bağlı gözləmə mövqeyi nümayiş etdirilir?
-Çox ehtiyatlı şəkildə aparılan təyinatlarda da, daha çox gənc və şəffaf platformalarda çalışan şəxslərə müraciət olunması nə ilə bağlıdır?
-Ən maraqlısı isə, müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı bizdə olmayan mədəniyyət mərkəzimizə 12 ildir rəhbərlik edən Bayram Səfərov niyə iştirak etmirdi?
Bütün çıxışlarında Prezident dinindən, coğrafi yaxınlığından və uzaqlığından, milliyyətindən və digər amillərdən asılı olmayaraq dostlarımızla və dostumuz olmayanlarla bağlı fikirlərini bildirib. Həm bütün münaqişə dövründə, həm də ki, 44 günlük müharibə dönəmində Azərbaycan dövlətinin və xalqının yanında olan, onun haqq səsinə səs verənlər bizim dostlarımızdır. Fərqli mövqe nümayiş etdirənlər isə, bizə dost deyil.
Azərbaycan dövlətinin hazırki rəsmi mövqeyi də bundan ibarətdir ki, regionda başlayan geniş miqyaslı bərpa işlərində və canlanacaq iqtisadi proseslərdə yalnız bizə dost ölkələr və onların şirkətləri iştirak edə bilər. Çünki, Azərbaycan üçün bütün münasibətlərin, o cümlədən də iqtisadi münasibətlərin fövqündə xalqımız, dövlətimiz və dövlətçiliyimizlə bağlı milli maraqlar durur.
Daxili auditoriyaya hesablanmış mesajlar da, əsasən özlərinin şəxsi maraqlarını və mənafelərini hər şeydən üstün tutan şəxslərə, xüsusilə də bu cür düşünən məmur təbəqəsinə yönəlib. Məhz bu məqsədlə, Prezident konkret adlar sadalamaqla məmurlara şəhidlərimizin və qazilərimizin qanları və canları hesabına geri qaytarılmış ərazilərimizə fərqli münasibət göstərilməsini tələb etdi. Bununla dövlət başçısı ona fərdi qaydada müraciət edən məmurlara ümumi şəkildə mövqeyini çatdırdı. Bu həm də, yaxın gələcəkdə həmin ərazilərə təyin olunacaq məsul şəxslərə də bir yol xəritəsi olmalıdır.
Ümumiyyətlə görünən odur ki, Prezident ölkənin məmur təbəqəsinin bir hissəsinə inanmır və həmin şəxslər onlara göstərilən etimadı çoxdan zədələyiblər. Bu da, yaxın zamanda çox böyük təmizləmə işlərinin davam edəcəyini və geniş kadr islahatlarını şərtləndirən amildir.
Elə, icra başçısı olan ərazi vahidinə Prezidentin xüsusi nümayəndəsinin təyin edilməsi, Şuşaya səfərdə 12 illik icra hakimiyyəti başçısının iştirakına icazə verilməməsi və ümumilikdə işğaldan azad edilmiş ərazilərlə bağlı fondlara və təşkilatlara tam fərqli sahələrdən gənc kadrların təyin edilməsinin də, etimadsızlıqla bağlı olduğunu düşünürəm. Prezident İlham Əliyev çıxışlarının birində bu məsələyə toxunaraq, həmin ərazilərdə fərqli idarəetmə mexanizminin formalaşdırılacağını və gözləntiləri doğruldacağı təqdirdə, müəyyən qanunsuzluqlar baş verən digər ərazilərimizdə də, tətbiq olunacağını vurğuladı. Hesab edirəm ki, idarəetmə ilə bağlı bu eksperiment çox qısa zamanda özünü tam doğruldacaq və digər ərazi vahidlərimizdə də tətbiq olunacaqdır.
Eyni zamanda onu da vurğulamaq lazımdır ki, son proseslər dövlət başçısının ölkədə baş verən bütün məsələlərdən xəbərinin olduğunu göstərir. Sadəcə lazımi məsələyə ən münbit zamanda və məqamda münasibət bildirilir və zəruri addım atılır. Çünki, özünün də dediyi kimi, Prezident İlham Əliyev nəyi, necə və nə vaxt etməyi daha yaxşı bilir!
Xəyal Bəşirov-siyasi şərhçi