Newscenter.az.6.02.2021. Əlcəzairin nüfuzlu alharir.info saytında ermənilərin Xocalıda törətdikləri soyqırım barədə məqalə dərc edilib.
Newscenter.az-ın xəbərinə görə, Əməkdar jurnalist Süleyman İsmayılbəylinin müəllifi olduğu məqalədə 1992-ci il, fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Rusiyanın 366-cı alayının köməkliyi ilə Xocalıya həyata keçirdikləri hücum, azərbaycanlılara qarşı törətdikləri soyqırım barədə bəhs edilir. Bildirilir ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli cinayətlərindən biri kimi tarixə düşüb. Erməni vəhşilikləri nəticəsində 613 mülki vətəndaş ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib ki, onlardan da 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca və ahıl şəxslər idi. Həmçinin 8 ailə erməni vəhşiliyinin qurbanı olaraq tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Xocalı soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilənlərlə yanaşı 76-sı uşaq olmaqla, 487 nəfər düşmən gülləsinə tuş gələrək yaralanıb.
Süleyman İsmayılbəyli qeyd edir ki, erməni silahlı birləşmələri Xocalıda XX əsrin ən ağır cinayətini törədib azərbaycanlıları kütləvi şəkildə soyqırıma məruz qoyduqdan sonra şəhərin sağ qalan 1275 nəfər sakinini isə əsir götürərək Ermənistana aparıblar. 29 il əvvəl ermənilər tərəfindən əsir götürülən 1275 Xocalı sakininin 150 nəfərinin taleyi bu günə qədər də naməlum olaraq qalır ki, onlardan da 68 nəfəri qadın, 26 nəfəri isə uşaq olub.
Məqalə müəllifi onu da qeyd edib ki, bu soyqırımı törədənlərin etirafları, azərbaycanlılara qarşı amansız davranışları barədə açıqlamaları da onu deməyə əsas verir ki, Xocalıda ermənilərin həyata keçirdikləri vəhşiliklər məhz soyqırım aktıdır. Elə buna görə də dünyanın bir çox ölkələri 29 il əvvəl Xocalıda baş verənləri soyqırım kimi tanıyıb.
Anar