Newscenter.az. 6.02.2021. Ermənistanda daxili siyasi təlatümlərin fonunda son zamanlar baş verən hadisələrdə maraqlı məqamlar izləməkdəyik. Rusiyanın siyasi dəstəyinə arxalanan “Qarabağ klanı”nın mövqeyində dəyişikliklər baş verir. Xüsusilə də, həmin klanın rəhbəri olan Robert Köçəryanın Moskvaya səfərindən sonra Paşinyana qarşı birlik nümayşi etdirən qrupun mövqeyində xəfiflik hiss olunur.
Düşünürəm ki, bu konkret olaraq Moskvanın siyasi dəstəyi ilə hakimiyyəti ələ almağa çalışan klanın şimal qonşumuzdan rədd cavabı alması ilə bağlıdır. Hazırda Rusiya rəhbərliyi Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı deyil. Xüsusilə də, revanşist quvvələrin hakimiyyətə gəlməsinə qarşıdır. Çünki, baş verə biləcək bu dəyişiklik, Rusiyanın sülhməramlı missiyasına və regionda mövcud olan hərbi səssizliyə ciddi zərbə vura bilər.
Bu prosesdə Rusiya ilə yanaşı, beynəlxalq ictimaiyyət və regionda maraqları olan digər güclər də həmfikirdirlər. Çünki, regionda münaqişənin həlli, sülhün və təhlükəsizliyin bərqərar olunmasında maraqlı olan quvvələr gözlənilən ciddi iqtisadi proseslərdə aktiv iştirak etmək istəyirlər. Gözlənilən çox böyük iqtisadi, enerji və nəqliyyat canlanmasının fonunda Ermənistanda hakimiyyət dəyişikliyi və revanşist quvvələrin hakimiyyətə gəlməsində heç kim maraqlı deyil. Əksinə, mütləq əksəriyyət buna mane olmaq və bu prosesin qarşısını almaqda maraqlıdır.
Göründüyü kimi, Moskvanın Qərblə Paşinyanın hakimiyyətdə qalması ilə bağlı mövqeləri uzlaşmaqdadır. Ən az, bu proses hazırki mərhələdə hələ ki, belədir. Paşinyana qarşı sərt mövqeyi ilə fərqlənən Köçəryanın onunla danışıqlar barədə qərar verməsi də Moskvanın tövsiyəsi ilə ola bilər. Hesab edirəm ki, koalisyon hökümətin qurulması da mümkündür. Bununla Moskva “flüger” məzmunlu siyasət yürüdən Paşinyana tam inanmadığını da ortaya qoyur.
Təkcə hakimiyyəti deyil, öz taleyi də 10 noyabr tarixli Bətanatdan asılı olan Paşinyanın istənilən an mövqe dəyişməsi mümkündür. Bunun qarşısını almaq və ölkədə siyasi balansı qoruyub saxlamaq üçün Moskvanın koalisyon hökümətin qurulmasında maraqlı olması anlaşılandır. Çünki, hazırki dönəmdə Ermənistan ictimaiyyəti “Qarabağ klanı”na, Rusiya da Paşinyana tam inanmır. Ümumilikdə ortaq məxrəcə gəlmək üçün koalisyon hökümətin qurulması hazırki məqamda ən optimal variant ola bilər. Koalisyon hökümətin qurulmasına Ermənistan əhalisinin hansı münasibət göstərəcyini və bunun reallaşma imkanlarını baş verəcək hadisələr göstərəcək.
Xəyal Bəşirov-siyasi ekspert