Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Əminə Ağazadə: "Təsəvvür belə edə bilməzdim ki, günümüzdə belə bir məktəb binası mümkün olsun"-FOTOLAR



Newscenter.az.7.02.2021. Bir il bundan əvvəl seçki kampaniyası dövründə rayonun Sovla kəndində seçicilərlə görüş zamanı hər kəs, kəndin ağsaqqalı, cavanı, hamı bir ağızdan kəndin ən böyük probleminin məktəb olduğunu qeyd edirdi. Heç kim nə məişət problemindən, nə məmur özbaşnalığından, nə əziyyət çəkdikləri su problemindən danışmırdı. Hamı uşaqların təhsil almasını, normal şəraitdə oxumaq imkanının olmasını xahiş edirdi.

Newscenter.az xəbər verir ki, bu fikirləri özünün facebook səhifəsində Milli Məclisin deputatı Əminə Ağazadə bu günlərdə seçicilərlə keçirdiyi görüşün təəsüratlarını bölüşərkən qeyd edib. Əminə Ağazadə bildirib ki, deputat seçildikdən sonra ilk olaraq müraciət etdiyi ünvan Azərbaycan Respublikasının Baş Naziri və Təhsil Nazirliyi olub:

"Rayon Təhsil şöbəsinin mənə təqdim etdiyi arayış əsasında Sovla kənd məktəbinin 1938-ci ildə inşa edildiyi, hazırda yararsız vəziyyətdə olduğu, orada 204 şagirdin təhsil almasının mümkünsüzlüyünü qeyd edərək yeni məktəb binasının tikilməsini xahiş etmişdim. Təhsil Nazirliyi deputat müraciətinə cavab olaraq bildirdi ki, növbəti illərdə yeni məktəb binasınını tikintisi məsələsinə baxıla bilər".

Deputat qeyd edib ki, iki gün əvvəl Sovla kəndində seçicilərlə görüşündə xüsusi olaraq həmin məktəbin binasına baş çəkib:

"Düzünü deyim ki, gördüklərim məni cox məyus etdi. Mən təsəvvür belə edə bilməzdim ki, günümüzdə belə bir məktəb binası mümkün olsun, belə bir şəraitdə müəllim dərs deyib, uşaqlar təhsil ala bilsin. Belə bir məktəbin şagirdləri hətta yüksək bal toplayaraq ali məktəblərə də daxil olurlar. Təsəvvür edin, yazın gəlməsini təşvişlə gözləyən məktəb direktorundan bunun səbəbini soruşduqda aldığım cavab məni dəhşətə gətirdi. Məktəb direktoru mənə bildirdi ki, havalar bir az qızan kimi binanın olmayan döşməsinin altından çıxan ilan sürüləri uşaqlara dərs keçməyə imkan vermir!!! Hesab edirəm ki, əlavə sözə ehtiyac yoxdur".

Əminə Ağazadə deyib ki, yenə də Nazirlər Kabinetinə, Təhsil Nazirliyinə yeni məktublar ünvanlayacaq, məsələni maksimum ictimailəşdirməyə çalışacaq:

"Ümid etmək istəyirəm ki, müvafiq orqanlar rayon əhalisinin çağırışlarına etinasız qalmayacaq. Ümid etmək istəyirəm ki, gələcəyimiz olan bugünki körpələr qüdrətli Azərbaycan dövlətinin təhsilə olan diqqət və qayğısından kənarda qalmayacaqlar".

NEWSCENTER.AZ

Xəbəri paylaş