Newscenter.az.7.02.2021. 59 saylı Salyan seçki dairəsinin deputatı Jalə Əhmədova və 66 saylı Biləsuvar seçki dairəsinin deputatı Bəhruz Məhərrəmov əfsanəvi qəhrəmanımızın dəfn olunduğu İkinci Fəxri xiyabana gələrək Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi olan Mübarizin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad ediblər.
Newscenter.az xəbər verir ki, hər bir Azərbaycan gənci üçün mübarizlik və igidlik məktəbi olan Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Mübariz çox qısa bir ömür yaşasa da, 22 yaşında öz igidliyi və qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut edib.
Belə ki, 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına, xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək düşmənin çoxlu sayda əsgər və zabitini birinci həmlədəcə məhv edir. Azərbaycan ordusunun hücuma keçdiyini zənn edən ermənilər döyüşə əlavə qüvvə cəlb edirlər. Gecənin qaranlığında bir neçə saat davam edən bu qeyri-bərabər döyüşdə Azərbaycan döyüşçüsü səhər saatlarında qəhrəmancasına şəhid olur.
18 iyun 2010-cu ildə şəhidlik zirvəsinə ucalmış Mübariz İbrahimova elə həmin il Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adı (ölümündən sonra) verilib.
Millət vəkilləri həmçinin, Şəhidlər xiyabanında uyuyan Biləsuvarın digər igid oğlu, şəhid baş leytenant Xalid Gözəlovun, habelə, Azərbaycanın Milli Qəhrəmanı, şəhid generalımız Polad Həşimovun və digər şəhidlərimizin məzarlarını da ziyarət edib, ruhları qarşısında baş əyib, daimi minnətdarlıq borcumuzu bir daha ifadə ediblər.
Əminlik ifadə edilib ki, Mübarizin də, Xalidin də, general Həşimov başda olmaqla digər bütün şəhidlərimizin də ruhları şaddır, çünki, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ordumuz artıq onların uğrunda can verdiyi idealları reallaşdırmış, torpaqlarımız işğaldan azad olunmuş və düşmən tapdağından qurtulmuş bölgələrimizdəki məscidlərimizdə artıq azanlar oxunub, namazlar qılınmaqdadır!
Allah bütün şəhidlərimizə rəhmət etsin.
NEWSCENTER.AZ