Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan aqrar elmi tarixində ilk dəfə tərəvəzçilik sahəsi üzrə fundamental ensiklopediya hazırlanıb



Newscenter.az.8.02.2021. Azərbaycan aqrar elmi tarixində ilk dəfə tərəvəzçilik sahəsi üzrə fundamental ensiklopediya hazırlanıb. “Tərəvəzçilik ensiklopediyası” (terminlər, anlayışlar və şərhlər) kitabında tərəvəzçilik, bostançılıq və kartofçuluq, eləcə də kənd təsərrüfatı sahəsində işlədilən çoxlu sayda termin və anlayışlara izahlar verilib.

Newscenter.az-a daxil olan məlumata görə, ensiklopediyanın tərtibində tərəvəzçiliyə, bostançılığa, kartofçuluğa və əlaqəli sahələrə aid izahlı ensiklopedik lüğətlərdən, internet materiallarından, ayrı-ayrı elm sahələrini əhatə edən lüğətlər və sorğu kitablarından, dərsliklərdən, monoqrafiyalardan, müxtəlif jurnal məqalələrindən istifadə edilib. Tərəvəzçilik, bostançılıq, kartofçuluğun çox geniş və çoxfunksiyalı bir elmi sahə olmasına əsaslanaraq biologiya, seleksiya və toxumçuluq, bitki fiziologiyası, bitki biokimyası, üzvi və qeyri-üzvi kimya, torpaqşünaslıq, aqrokimya, sitologiya, ekocoğrafiya, ekologiya və digər elm sahələrində olan əlaqəli terminlər və onların izahı da ensiklopediyaya daxil edilib.

Ensiklopediyada həmçinin, yarandığı ilk gündən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun tərəvəzçilik, bostançılıq və kartofçuluq üzrə müxtəlif mövzularda apardığı elmi-tədqiqat işləri, xüsusən də bu bitkilərin seleksiyası və toxumçuluğu sahəsində apardığı işlər - yaradılmış sortlar, onların təsviri, biomorfoloji xüsusiyyətləri, aprobasiyası, toxumçuluğu və aqrotexnikası haqqında ətraflı məlumat verilib.

Tərəvəzçilik ensiklopediyası tərəvəzçi mütəxəssislər, aqraryönümlü müəssisə və təşkilatların mütəxəssisləri, doktorantlar, magistrantlar, bakalavrlar, fermer təsərrüfatı ilə məşğul olanlar, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Orxan
Xəbəri paylaş