Newscenter.az.8.02.2021. Bu gündən Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əcnəbi tələbələr üçün hər il ənənəvi olaraq təşkil etdiyi beynəlxalq “Qış məktəbi” layihəsi öz işinə başlayır.
Newscenter.az-a təhsil ocağından daxil olan məlumata görə, mövcud vəziyyət, pandemiya ilə əlaqədar olaraq onlayn platforma üzərindən həyata keçirələcək Qış məktəbi fevralın 13-nə qədər davam edəcək. Layihənin iştirakçı sayı 100-dən çoxdur. Əksəriyyət Rusiya Federasiyası olmaqla başqa ölkələrin universitetlərindən də iştirakçılar müraciət ediblər.
Layihənin bu dəfəki mövzusu "Pandemiyadan sonra Memarlıq və Şəhər” adlanır. Layihə çərçivəsində master klaslar, Heydər Əliyev Mərkəzi, “Yarat” İncəsənət mərkəzi, Bakı Ağ Şəhər, İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı və digər məkanlara virtual səfərlər nəzərdə tutulub. Layihənin sonunda ən yaxşı işlər qiymətləndiriləcək və müəlliflər sertifikatla təltif olunacaqlar.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin fevral ayından etibarən AzMİU-da beynəlxalq “Qış məktəbi” fəaliyyətə başlayıb, yerli universitetlərin təcrübəsindən fərqli olaraq AzMİU-nun bu layihəsində əcnəbi ölkələrin tələbələri iştirak edir. Layihədə əsas məqsəd təkcə universiteti xarici ölkədə tanıtmaq deyil, eyni zamanda Azərbaycanı, onun tarixini, mədəniyyətini, adət-ənənələrini, mətbəxini təbliğ etməkdir.
R.Mehdiyeva