Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hansı universitetlərdə dərslər bərpa olunmayacaq?



Newscenter.az.8.02.2021. Təhsil Nazirliyinin qərarı ilə fevralın 15-dən ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilən cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

Lakin "Report"un apardığı araşdırma nəticəsində məlum olub ki, bəzi ali məktəblərdə dərslər bərpa edilməyəcək.

Onlardan biri də Bakı Slavyan Universitetidir. Ali məktəbin Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov "Report"un sorğusuna cavab olaraq deyib ki, universitetdə tədris bərpa olunmayacaq.

O bildirib ki, məsələ ilə bağlı Təhsil Nazirliyinin Aparat rəhbərinin müavininin iştirakı ilə videokonfrans formatında toplantı keçirilib: “İclasda məsləhətləşmələr apardıq. Qeyd olundu ki, tələbələrin böyük hissəsi bölgələrdə yaşayır. Ənənəvi tədris iki gün olsa belə, həmin tələbələr Bakıya gəlməli, qalmağa yer tapmalı və digər məsələləri həll etməlidirlər. Bizim universitetdə də xüsusi auditoriyaya, laboratoriyaya ehtiyac olan ixtisas yoxdur. Düzdür, biz qarışıq dərs cədvəli də hazırlamışdıq, amma tövsiyə olundu ki, sanitar-epidemioloji vəziyyəti gərginləşdirməmək üçün tələbələrin universitetə gəlməsinə ehtiyac yoxdur. Əgər epidemioloji vəziyyət yaxşılaşsa, aprel-may-iyun aylarının əvvəllərində tələbələri dəvət etmək olar”.

“4-cu kursda pedaqoji təcrübəyə getməli olan tələbələrimiz var. Məktəblərdə dərslər də başladığına görə, həmin tələbələri qarışıq şəkildə təcrübəyə göndərmək istəyirik. Bunun üçün Təhsil Nazirliyinə müraciət etmişik. Çox güman müsbət cavab veriləcək, biz də təşkil edəcəyik”, - T.Cəfərov əlavə edib.

Azərbaycan Dillər Universitetinin (ADU) Mətbuat xidməti şöbəsinin rəhbəri Ağa Cəfərli “Report”a bildirib ki, təmsil etdiyi ali təhsil ocağında tədris onlayn şəkildə davam etdiriləcək.

“Tələbələrimiz dərsə gəlməyəcəklər. Çünki Təhsil Nazirliyinin qərarına əsasən, ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin, mövzuların əvvəlcədən müəyyən edilən cədvəllər üzrə tədrisi ənənəvi formada bərpa olunacaq. Amma bizdə tədris onlayn şəkildə davam edəcək".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov “Report”a açıqlamasında deyib ki, universitet dərsləri onlayn şəkildə davam etdirəcək.

“Məsələni Təhsil Nazirliyi ilə razılaşdırmışıq. Fevralın 15-də onlayn formada ikinci smestrə start verəcəyik. Vəziyyətdən asılı olaraq gələcəkdə ənənəvi tədrislə bağlı qərar verilə bilər”, - o vurğulayıb.
Xəbəri paylaş