Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin xüsusi siyasi mənası var



Newscenter.az.9.02.2021. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi İli” elan etməsi mədəni və siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. 2019-cu ilin “Nəsimi ili”, 2021-ci ilin isə “Nizami Gəncəvi İli” elan edilməsi bir daha Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyinin sübutu oldu. Çünki dahi mütəfəkkirimizin əsərlərindəki humanizm, insana məhəbbət, yüksək əxlaq bütünlükdə bəşəriyyətə ünvanlanıb.

Özünəqədərki bəşəri dəyərlərin zirvəsində dayanan Nizami Gəncəvinin həyatı və ədəbi-elmi irsi hər kəs üçün örnəkdir. Bu gün mədəniyyətlərarası ziddiyyətlərin dərinləşdiyi, dini ayrı-seçkiliyin siyasi ritorikada aktuallaşdığı bir vaxtda sülhü, ədaləti, dialoqu, həmrəyliyi təbliğ edən mütəfəkkirlərin tanıdılması çox vacibdir. Bu baxımdan da, belə ənənələri formalaşdıran Nizami Gəncəvinin və davamçılarının dünyada təbliği böyük əhəmiyyət kəsb edir.

Zəngin mədəniyyətin yetişdirdiyi belə şəxsiyyətlərin təbliği siyasi baxımdan da xüsusi məna daşıyır. Çünki bu il biz həm də şanlı Zəfərimizin bir yaşını qeyd edəcəyik. Nizami fəlsəfəsindən çıxış etsək, bir daha görəcəyik ki, 44 günlük müharibə ilə Azərbaycan xalqı həm ədaləti təbliğ edən, həm də ədaləti təmin edən xalq kimi özünü təsdiqlədi. Buna görə də Prezident İlham Əliyevin müvafiq Sərəncamla 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsinin xüsusi siyasi mənası var.

Nizaminin əsərlərindəki milli köklərə bağlılıq ideyasının, dövlətçilik ənənələrinin, ədalət prinsipinin təbliği və gənc nəsillərə çatdırılması qarşımızda duran çox mühüm vəzifələrdəndir.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş