Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq təşkilatlar işğaldan azad edilən ərazilərdə monitorinqlər keçirməlidir



Newscenter.az.13.02.2021. “İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri birbaşa ölkə Prezidentinin diqqəti və nəzarəti altındadır və həmin ərazilərdə Prezidentin xüsusi nümayəndəsi formasında mülki idarəetmə modeli yaradılıb və artıq Şuşaya ilk xüsusi nümayəndə təyin edilib. qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə işlər kompleks və mərhələli şəkildə həyata keçiriləcək. Həmin ərazilərdə artıq mərhələli şəkildə işlərə başlanılıb. İlk mərhələdə təbii ki, təhlükəsizliyin təmin edilməsi üçün minalardan təmizləmə tədbirləri həyata keçirilir”. Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Sevinc Hüseynova bildirib ki, təhlükəsizliyin təmin edildiyi ərazilərdə, ilk növbədə, qiymətləndirmə işləri aparılmalıdır. Qiymətləndirmə işləri çox vacibdir, çünki Ermənistan həmin əraziləri xarabalığa çevirib və təzminat məsələsini qaldırmaq üçün qiymətləndirmə işləri çox vacib əhəmiyyət kəsb edir. Daha sonra isə infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur və ilk növbədə, orada vacib olan layihələr həyata keçiriləcək ki, bütün bu işlərə mərkəzləşdirilmiş qaydada nəzarət edilir.

Millət vəkilinin sözlərinə görə, torpaqlarımızın 20 faizi işğal altında idi və o zamankı statistikaya görə, ölkə əhalisinin hər 8 nəfərdən 1-i məcburi köçkünə çevrilmişdi və 20 mindən çox insan həlak olub, 50 mindən artıq insan yaralanıb, əlil olub, təxminən 5 min vətəndaşı hələ o vaxt itkin düşüb. Eyni zamanda, 30 ilə yaxın müddət ərzində işğal altında qalan ərazilərdə sosial-iqtisadi həyat məhv edilib. İlkin məlumatlara görə, bu ərazilərə 10 milyardlarla dollar ziyan dəyib, ancaq bu ziyanın tam dəqiqləşməsi üçün yerlərdə qiymətləndirmələr aparılmalıdır, eyni zamanda, müxtəlif beynəlxalq təşkilatlar tərəfindən monitorinqlər həyata keçirilməlidir ki, Azərbaycan təminatla bağlı məsələni qaldırsın və bu təzminatın ödənilməsinə nail ola bilək.

“Məlumdur ki, məcburi köçkün düşmüş insanların sayı indiyə qədər xeyli artıb və işğaldan azad edilmiş ərazilərdə əvvəlkindən daha çox, bir milyondan artıq insanın yerləşdirilməsi lazım gələcək. Ona görə qiymətləndirmə həm də vacibdir ki, orada gələcəkdə məskunlaşdırma düzgün aparılsın. Hər bir vətəndaş ölkə Prezidenti ətrafında sıx birləşərək bizim milli birliyimizin davamı olaraq orada elə işlər aparmalıdır ki, Dağlıq Qarabağ bölgəsi yenidən nəinki Azərbaycanın, ümumiyyətlə həm regionun, həm də dünyanın nümunəvi bir modelinə, çiçəklənmiş bir diyarına çevrilsin. Ölkə Prezidentinin də məhz hədəflərindən biri odur ki, burada mövcud innovativ texnologiyaların bizə verdiyi imkanları dəyərləndirərək orada ən yüksək səviyyədə texnologiyanın, inşaatın ağıllı modelləri, o cümlədən ağıllı şəhər, ağıllı kənd modeli tətbiq olunsun. Orada insanlar üçün elə bir şərait yaradılacaq ki, bu, bütün dünya üçün bir model olacaq. Bu işdə hər kəs öz məsuliyyətini anlamalı və ölkə Prezidentinin apardığı bu siyasətə dəstək verməlidir”,-deyə S.Hüseynova vurğulayıb.
Xəbəri paylaş