Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Minalı ərazilərlə bağlı problem təkcə bizi deyil, həm də rus sülhməramlılarını düşündürməlidir



Newscenter.az.15.02.2021. Torpaqlarımızı mənfur və şərəfsiz düşməndən təmizləsək də, o vəhşilərin özlərinə bənzər qalıqları olan minalar və digər təhlükəli silah parçaları hələ də canlarımızı alır. Rəsmi məlumatlara görə müharibədən sonra bu günə qədər 5 hərbçimiz, 9 mülki vətəndaşımız mina partlaması nəticəsində həlak olub və 60 şəxs yaralanıb. Bu nə vaxta qədər davam edəcək?

Təxmini hesablamalara görə işğalçı düşmən bizə aid olan bir milyard kv m-ə qədər ərazini minalayıb. Bu çox dəhşətli bir rəqəmdir və onu təmizləmək üçün Azərbaycana həddindən artıq böyük məbləğ və illərlə zaman lazımdır. Ancaq bunun çox qısa yolu da var.
Hesab edirəm ki, Azərbaycan üçün qələbədən sonra ən aktual və prioritet məsələ olan minalı ərazilərlə bağlı məsələ bəyanatda mütləq əks olunmalı idi. Çünki bu o qədər vacibdir ki, biz ərazilərimizi azad etsək də, minalara görə o ərazilərdə heç bir iş apara bilmirik. Avtomobil yollarının və dəmir yollarının çəkilməsi və hava limanının tikilməsi üçün gecə-gündüz oralarda mina təmizləyənlər işləyir. Qarı, buzu, relyefi mürəkkəb olan yerləri və digər çətinlikləri var.

Bundan başqa minalı ərazilərlə bağlı problem təkcə bizi deyil, həm də rus sülhməramlılarını düşündürməlidir. Çünki, ilk öncə onların özləri üçün də minalar təhlükəlidir (onların hərbçiləri də artıq minadan zərər çəkib) və məramları sülh olan rusların missiyası da, hər vəchlə o ərazidə təhlükəsizliyi təmin etmək olmalıdır!

Buna görə də, düşünürəm ki, Rusiya bu məsələ ilə bağlı Ermənistana sərt təzyiq göstərməli və həmin minaların yerləşdirilməsinə dair xəritəni onlardan alıb Azərbaycana təqdim etməlidir! Bununla bağlı müddəa bəyanata əlavə də edilə bilər və ya yeni razılaşma imzalana bilər. Hər bir halda bu mütləq olmalıdır ki, daha çox can itkisi vermədən Azərbaycan həm az vəsaitlər və həm də qısa zamanda əraziləri minalardan da azad edib geniş bərpa prosesinə start versin!

Xəyal Bəşirov-siyasi şərhçi
Xəbəri paylaş