Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qarabağ Azərbaycandır və nida" ifadəsi Azərbaycan xalqının milli mübarizə devizi oldu



Newscenter.az.15.02.2021. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələrdən və təbii ki, Prezident İlham Əliyevin işğalçı ölkənin qlobal miqyasda dövlətimizə qarşı apardığı yalan və böhtandan ibarət, təxribat xarakterli informasiya siyasətinə vurduğu həlledici zərbədən bir il ötür. Bu müzakirələr bir tərəfdən Azərbaycan həqiqətlərinin nümayişi idisə, digər tərəfdən Prezident İlham Əliyevin siyasi iradəsinin təntənəsi idi.

Bir il əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərləri geniş ictimaiyyət qarşısında çıxış etmişdilər. Bu paneldə Prezident İlham Əliyev böyük siyasi məharəti, yüksək intellektual hazırlığı ilə Ermənistanın işğalçı dövlət olduğunu təcavüzkar ölkənin baş nazirinin etirafları əsasında bütün dünyaya nümayiş etdirdi. Möhtərəm Prezident İlham Əliyevin həmin müzakirələr zamanı dünya ictimaiyyətinə çatdırdığı tarixi faktlar, dərin məntiqi mülahizələr və siyasi mühakimələr Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm rol oynayıb. Prezident İlham Əliyevin konfransda çıxışı zamanı söylədiyi "Qarabağ Azərbaycandır və nida" ifadəsi Azərbaycan xalqının milli mübarizə devizi oldu və yüzillər boyu öz hikmətini qoruyacaq zəfər şüarına çevrildi.

Cənab Prezident İlham Əliyev bütün diplomatik çıxışlarında hər zaman Azərbaycan torpaqlarının işğal altında qalma faktı ilə barışmayacağını deyirdi. Və barışmadı da. Belə ki, ötən ilin sentyabrın 27-də ermənilərin növbəti təxribatından və xain həmləsindən dərhal sonra Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffar Ordumuz əks hücum əməliyyatına başladı və əzəli və əbədi torpaqlarımızı mənfur düşmənlərdən azad etdi. Beləliklə, Prezident İlham Əliyev “Qarabağ Azərbaycandır və nida işarəsi” dedi və yerinə yetirdi, sözü ilə əməlinin bir olduğunu bütün dünyaya nümayiş etdirdi, sözü və əməli ilə tarix yazdı. Azərbaycan Prezidentinin dəmir məntiqi döyüş meydanında dəmir yumruğa çevrilərək xalqımıza tarixi Zəfər qazandırdı!

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Jalə Əhmədova
Xəbəri paylaş