Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib



Newscenter.az.25.02.2021. Azərbaycanın Gürcüstandakı səfirliyin təşkilati dəstəyi ilə Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Nescenter.az səfirliyə istinadən xəbər verir ki, mərasim çərçivəsində Xocalı qətliamı mövzusunda fotolar və dünya mətbuatında dərc edilən reportajların nümunələri sərgilənib.

Tədbir iştirakçıları ilk öncə Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində çəkilən sənədli film nümayiş etdirilib.

Muzeyin direktoru Leyla Əliyeva açılış nitqi ilə çıxış edərək 29 il öncə Xocalıda törədilən qeyri-insani vəhşiliklər barədə danışıb. O, bu cinayətin yalnız Azərbaycana qarşı deyil, bütün insanlığa qarşı yönəldiyini qeyd edib və Azərbaycan 30 ilə yaxın davam edən işğala şanlı Qələbə ilə son qoyduğunu vurğulayıb.

Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Faiq Quliyev çıxışında Xocalının işğalı tarixindən və şəhərdə mülki insanlara qarşı törədilən kütləvi qırğından faktlar əsasında bəhs edib. O, Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin tərkib hissəsi və ən dəhşətli təzahürü olduğunu qeyd edib. Həmin soyqırımı aktının müasir tarixdə Holokost cinayəti və Xatın, Liditse, Sonqmi, Ruanda, Srebrenitsa kimi qətliamları ilə birgə XX əsrin ən dəhşətli cinayətləri sırasında durduğunu bildirib.

F.Quliyev ötən ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistanın bu təcavüzkar niyyətlərini puça çıxartdığını və Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir yumruq”la öz beynəlxalq səviyyədə tanınmış ərazilərini azad etdiyini bildirib. O, bununla beynəlxalq hüquq tələblərinin, o cümlədə 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının qətnamələrinin də yerinə yetirildiyini xüsusilə qeyd edib.

Xocalı soyqırımı kimi dəhşətli faciələrin təkrar olunmaması üçün dünya ictimaiyyəti tərəfindən buna lazımi qiymət verilməsinin zəruriliyini vurğulayan Səfir F.Quliyev bu məqsədlə 2008-ci ildən etibarən aparılan “Xocalıya Ədalət” kampaniyasından və onun çərçivəsində bu günə qədər əldə olunan nailiyyətlərdən bəhs edib. Fəal Azərbaycan icmasının yaşadığı Gürcüstanda bu kampaniyanın daha əyani şəkildə özünü göstərdiyini qeyd edərək, buna görə icma fəallarına təşəkkür bildirib. Eyni zamanda, Ədalətin tam zəfər çalması üçün ümumbəşəri dəyərlər çərçivəsində aparılan həmin kampaniyaya hamını qoşulmağa dəvət edib.

Daha sonra çıxış edən Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Xocall qurbanlarına və şəhidlərə Allahdan rəhmət diləyib. O, Türkiyə Cümhuriyyətinin və xalqının həmişə “Xocalıya Ədalət” çağırışında Azərbaycan qardaşlarının yanında durduğunu bildirib.

Tədbirdə çıxış edən Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti akademik Roin Metreveli və Gürcüstanın Azərbaycandakı sabiq Səfiri Zurab Qumberidze Xocalı soyqırımı acısının oxşar hadisələri yaşamış Gürcüstanda da yaxşı duyulduğunu qeyd edərək, Gürcüstan – Azərbaycan tarixi bağlılığını önə çəkib nəticə etibarilə bölgədə Ədalətin bərqərar olunmasına dair əminlik ifadə ediblər.

Mərasim Heydər Əliyev adına Tbilisi Azərbaycan Dövlət Dram Teatrının gürcü dilində hazırladığı “Ana fəryadı” adlı teatrlaşdırılmış səhnənin təqdimatı ilə yekunlaşıb.

Tədbirdə Tbilisidə akkreditə olunan diplomatik korpusun nümayəndələri, o cümlədən Səudiyyə Ərəbistanının Səfiri, Belarusun müvəqqəti işlər vəkili, Qazaxıstan, Türkmənistan, Ukrayna səfirliklərinin təmsilçiləri, gürcü ictimai xadimlər iştirak ediblər. Anım mərasimi çoxsaylı Gürcüstan və Azərbaycan KİV müxbirləri tərəfindən işıqlandırılıb.

Mehman

Xəbəri paylaş