Newscenter.az.27.02.2021. Martın 1-dən 7A nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdiriləcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Məlumata görə, qeyd olunan tarixdən bu xətt üzrə avtobuslar Gəncə prospektinin Sadıqcan küçəsiylə kəsişməsində yerləşən dairəyədək hərəkət edəcək. Dəyişiklik çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq həyata keçirilir. Nəticədə Vunqtau küçəsi, Gəncə prospekti və Sadıqcan dairəsi ətrafında yaşayan sakinlərin birbaşa marşrut xətti ilə Ziya Bünyadov prospekti, “20 Yanvar” dairəsi və “Beynəlxalq Avtovağzal Kompleksi” istiqamətində gediş-gəlişi təmin ediləcək.
Eyni zamanda, mart ayının 1-dən 17 nömrəli müntəzəm marşrut xətti üzrə də avtobusların hərəkət sxemi dəyişdiriləcək. Bu dəyişiklik nəticəsində avtobuslar Yeni Yasamal - “İnşaatçılar”m/s - “Elmlər Akademiyası” m/s - “Gənclik” m/s - “N.Nərimanov” m/s - Keşlə bazarını əlaqələndirəcək. Belə ki, xətt üzrə avtobusların son dayanacaq məntəqəsi “N.Nərimanov” metrostansiyasından keçməklə Əliyar Əliyev küçəsi, Keşlə bazarının qarşısına dəyişdirilib.
Həmçinin, bu marşrut üzrə avtobusların metronun “Elmlər Akademiyası” stansiyasından keçməsi də təmin edilib.
17 nömrəli xətt üzrə dəyişiklik də çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla edilib. Bununla da Yeni Yasamal yaşayış massivi, metronun “İnşaatçılar” (Abbas Mirzə Şərifzadə küçəsi) və “Elmlər Akademiyası” stansiyası ətrafında yaşayan sakinlərin birbaşa marşrut xətti ilə metronun “Nəriman Nərimanov” stansiyası və ətraf ərazilərə gediş-gəlişi təmin ediləcək.