Newscenter.az.27.02.2021. Niderland krallığının Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılan yeni abidənin açılış mərasimi keçirilib.
Newscenter.az xəbər verir ki, Hollanda Azərbaycan Türk Kültür dərnəyinin təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycanın Niderland krallığındakı səfiri Fikrət Axundov, Türkiyənin Niderland krallığındakı səfiri Şaban Dişli, Niderland parlamentinin Denk partiyasından olan millət vəkili Selcuk Öztürk, Haaqa məzarlığının rəhbəri Linda Jansen, Avropada olan müxtəlif diaspora təşkilatlarının rəhbərləri və xaricdə yaşayan Azərbaycan və Türk vətəndaşları iştirak edib. Hollanda Azərbaycan Türk Kültür dərnəyinin sədri İlhan Aşqının açılış çıxışından sonra yeni abidənin lenti kəsilib, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidə üzərinə əklil və gül dəstələri qoyulub.
Tədbir daha sonra məzarlığın toplantı zalında davam etdirilib. Qısa çıxışlarla Azərbaycan və Türkiyə səfirləri, Hollanda Azərbaycan Türk Kültür dərnəyinin başqanı İlhan Aşqın, məzarlığın müdiri Linda Jansen, Ana Vətən dərnəyinin sədri Maisə Ağamirzəyeva və başqaları tədbir iştirakçıları ilə öz fikirlərini bölüşüblər. Çıxış edənlər yekdil olaraq erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımının bütün insanlığın faciəsi olduğunu, onun dəhşətlərinin heç vaxt unudulmayacağını və bu soyqırımın başqa dövlətlər tərəfindən rəsmi olaraq tanınmasına çalışmağın vacibliyini qeyd ediblər. Tədbirin sonunda Hollanda Azərbaycan Türk Kültür dərnəyinin sədri İlhan Aşqın yeni soyqırım abidəsinin sponsorlarına, habelə abidənin qoyulması ilə bağlı lazım olan işlərdə zəhməti keçmiş bütün insanlara təşəkkür edib. Mövcud pandemiya şəraiti nəzərə alınmaqla keçirilən mərasim iştirakçılara çay və qəhvə ikramı ilə başa çatıb.
Mehman