Newscenter.az.2.03.2021. “Prezident İlham Əliyev 4 saat ərzində, 4 dildə təxminən 50 sualı tutarlı dəlillərlə, əsaslı şəkildə cavablandırmaqla dünyanın aparıcı media qurumlarının təmsilçilərini bir daha heyrətləndirdi. Eyni zamanda da Ermənistanın revanşist əhval-ruhiyəli qüvvələrini hələ də dəstəkləmək niyyətində olan bəzi qüvvələr bu mətbuat konfransı vasitəsilə Azərbaycan Prezidentinin onlara ünvanladığı ciddi xəbərdarlıq mesajlarını aldılar.”
Newscenter.az xəbər verir ki, bu fikirləri Ağcabədi Rayon İcra Hakimiyyətinin birinci müavini Rövşən Əhmədov səsləndirib. O, qeyd edib ki, keçirilən mətbuat konfransı Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edib:
“Ölkə Prezidentinin keçirdiyi mətbuat konfransı üçün məhz 26 fevral tarixinin, Xocalı soyqırımının 29-cu ildönümü gününün seçilməsi əlbəttə ki, mahiyyət baxımından xüsusi anlam kəsb edir:
"Dövlət başçısı ilk növbədə media nümayəndələrinə erməni faşizminin bariz təzahürü olan bu qanlı faciə haqqında bir daha ətraflı məlumat verərək demişdir: “Xocalı soyqırımını törədənlər hərbi cinayətkarlardır. Onların bir çoxu İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən məhv edilmişdir”. Prezident İlham Əliyev beynəlxalq ictimaiyyətin, dünya ölkələrinin bu məsələyə münasibətinin bizim üçün əhəmiyyətli olduğunu bildirdi. Qeyd edildi ki, Xocalı soyqırımı artıq dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, foto materiallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görür və bilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır. Nəzərə almaq lazımdır ki, Xocalı qətliamı ilə bağlı həqiqətlərin bütün ölkələr tərəfindən birmənalı olaraq qəbul edilməsi gələcəkdə dünyanın heç bir yerində belə hadisələrin təkrar olunmaması üçün zəruri şərtlərdən biridir.”
Rövşən Əhmədovun sözlərinə görə, bu mətbuat konfransı həm də Ermənistanın revanşist əhval-ruhiyəli bəzi dairələrinə və onların dünyada hələ də mövcud olan havadarlarına ünvanlanmış ciddi xəbərdarlıqlarla yadda qaldı. Beynəlxalq media qurumlarının təmsilçiləri isə qarşılarında artıq qalib bir ölkənin və dünya siyasətinə təsir etmək gücünə sahib olan bir dövlətin polad iradəli Liderinin olduğunu etiraf etdilər:
“Prezident İlham Əliyevin sonsuz qətiyyəti və yenilməz iradəsi bir daha özünü dövlət başçısı Dağlıq Qarabağın statusu barədə olan sualı cavablandırarkən aşkar şəkildə büruzə verdi. Hələ də status xülyasında olanların puç ümidlər bəslədiyini Prezident İlham Əliyev konkret ifadələrlə bir daha təsdiq etdi: “Biz bu fikri açıq-aydın ifadə edirik ki, Dağlıq Qarabağ münaqişəsi artıq həll olunub... O ki qaldı, statusa, mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil.” Bəli statusun artıq müzakirəyə çıxarılmayacaq bir mövzu olduğu bu günün daha bir reallığıdır və hər kəs bunu mümkün qədər tez və birmənalı qəbul etməlidir. Dövlət başçısının dediyi kimi, biz bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir”.
İcra Hakimiyyəti başçısının birinci müavini qeyd edib ki, Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqların müəllifi kimi Azərbaycanın beynəlxalq nüfuzunun da dəfələrlə artdığını qeyd etdi:
“Bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rolun önəmi çox dəfələrlə artıb. Artıq Azərbaycanla hesablaşmaq, Azərbaycanı dinləmək və eşitmək vaxtı olduğunu dünyanın bir çox inkişaf etmiş aparıcı ölkələri bir həqiqət kimi qəbul edirlər. Avropanın enerji təhlükəsizliyinin təminatı birbaşa Cənubi Qafqaz regionunda sülhün, sabitliyin təminatından asılıdır. Bu təminatı isə yalnız regionun lider dövləti olaraq Azərbaycan verə bilər. Ölkəmiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz ərazi bütövlüyünü bərpa etməklə regionda hərbi siyasi vəziyytəi nəzarətdə saxlamaq gücündə olduğunu bütün dünyaya nümayiş etdirdi. Artıq Cənubi Qafqazda yeni reallıqlar yaranıb ki, bunun da müəllifi Azərbaycandır. Və bundan sonra regionda öz maraqlarını təmin etmək istəyən bütün ölkələr yalnız bu reallıqları qəbul etməklə və Azərbaycanla hesablaşmaqla öz məqsədlərinə çatmaq şansı əldə edə bilərlər.”
NEWSCENTER.AZ